Çempionatın ikinci hissəsinin hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi"də baxışda olan futbolçulardan birinin taleyi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Tərlan Əhmədov düşərgəyə dəvət edilən futbolçu ilə bağlı qərarını açıqlayıb.
Belə ki, mütəxəssis bir neçə gündü komanda ilə birgə məşq edən ukraynalı İqor Sikorskinin durumunu bəyənməyib. Yarımmüdafiənin sol cinahında və hücumda çıxış edən 29 yaşlı oyunçu komandanın düşərgəsindən göndərilib.
Tərlan Əhmədov baxışda olan Roşti Aşente ilə bağlı qərarını isə yaxın günlərdə verəcək. Mərakeş millisinin üzvü özünü yaxşı tərəfdən göstərməyi bacarsa, onunla mövsümün sonuna qədər sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Neftçi" qış transfer dönəmində Aqil Məmmədov, İlkin Qırtımov, Fərid Abbaslı və Fransisko Xavyer Qarsiya ilə güclənib.
Futbol11.az