I Divizion klubu "Xəzər" bu gün Antalyada təlim-məşq toplantısına davam edib.
Newsport.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu yağışlı havada məşq edib və bu komandanın planlarına mane olmayıb.
Komandanın yeni transferləri - Novruz Məmmədov və Tanrıverdi Məhərrəmli açıqlama veriblər:
Novruz Məmmədov: "Ayın 15-dən təlim-məşq toplanışındayıq. Artıq 1 həftədir ki, bir yerdəyik. Məşqlərimiz fiziki və taktiki çalışmalar üzərində qurulub. Şənbə günü Almaniyanın III Bundesliqasında çıxış edən "Vakker Nordhauzen" klubu ilə matçda (0:3) çatışmayan və müsbət cəhətlərimi gördük. Yaxşı komandaya qarşı mübarizə apardıq. Bu oyun bizə üstünlük verəcək ki, daha yaxşı hazırlaşaq. Ümid edirik ki, Bakıya yaxşı formada qayıdacağıq".
Tanrıverdi Məhərrəmli: "2-ci dövrədə yeni qurulan komandayıq. Bakıda iki, Antalyada 1 yoxlama görüşü keçirdik. Yüklənmə mərhələsindəyik. "Vakker Nordhauzen"lə matçdakı məğlubiyyətdən dərs çıxaracağıq. Bakıya daha yaxşı qayıdacağıq və istədiyimiz oyunu sərgiləyəcəyik. Möhkəm, mehriban kollektiv yaratmaq istəyirik. Bunu bacardıqdan sonra uğurlarımız da olacaq".