Dünən «Bakcell U-17 Liqası»nda 17-ci turun oyunları keçirildi. Tur bəzi gözlənilməz nəticələrlə yadda qaldı. Ən böyük sensasiya Ağsuda qeydə alındı. Çempionatın lideri «Qəbələ» turnir cədvəlinin son pillələrində qərarlaşan «Ağsu»ya məğlub oldu.
«Xəzər Lənkəran» - «Neftçi» İK İB 1:1
Yeni ilin ilk oyunu Lənkaranda baş tutdu. Yerli «Xəzər Lənkəran» «Neftçi» İK İB-ni qəbul etdi. Bu komandalar turnir cədvəlində demək olar ki, qonşu olsalar da, aralarındakı xal fərqi böyükdü. Məhz bu üzdən qonaqları matçın favoriti qismində göstərmək olardı.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılar toxunulmaz qaldı. Əsas hadisələr 2-ci hissədə cərəyan etdi. Hesab ikinci yarının 27-ci dəqiqəsində açıla bilərdi. Belə ki, hakim qonaqların futbolçusu Elşad Hətəmzadəyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin etdi. Gəl ki, qonaqların futbolçusu Kamil Əliyev qapı çatını nişan aldı. Bundan cəmi 2 dəqiqə sonra Əli Tağızadədən ötürmə alan Məhəmməd Əlizadə «Xəzər Lənkəran»ı hesabda önə keçirdi. Qonaqlar bərabərlik qolunu 77-ci dəqiqədə vurdular. Nəzər Bədəlov cərimə zərbəsindən sonra fərqləndi. Matçın qalan dəqiqələrində hər iki komandanın qələbə topunu vurmaq üçün imkanları olsa da, həmin imkanlardan istifadə edən tapılmadı.
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi ilə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik. «Xəzər Lənkəran»ın baş məşqçisi Ağadadaş Həmidov daha çox hakimlikdən gileyləndi. Ağadadaş müəllim baş hakim Kamil Aydınovun, həmçinin, laysmanlar Hüseyn Əsgərov və Maqsud Şıxəliyevin onlara qarşı qərəzli mövqe tutduqlarını bildirməklə yanaşı, bizim vasitəmizlə AFFA-ya müraciət edərək adıçəkilən hakimləri bir daha «Xəzər Lənkəran»ın oyunlarına təyin olunmamasını istədi.
«Neftçi» İK İB-nin baş məşqçisi Elçin Dərgahquliyevin gileyi isə tamam başqa məqamla bağlı idi. 15-ci turda «Keşlə» ilə oyunda hakimlərlə problem yaşayan və bu səbəbdən İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan Elçin müəllim bu dəfə ədalət təmsilçilərindən deyil, futbolçu çatışmazlığından şikayətləndi: «Oyundan və nəticədən razı qaldım. «Xəzər Lənkəran» turnir cədvəlindəki mövqeyinə baxmayaraq, yaxşı oyun sərgilədi. Bu komanda «ev»də həmişə təhlükəlidi. Təəssüf ki, digər komandalar – «Qəbələ», «Neftçi», «Keşlə» kimi bizim futbolçu seçimimiz böyük deyil. Bu amili nəzərə alaraq heç-heçəni ədalətli nəticə sayıram».
«Neftçi» - «Mil Muğan» 4:0
Oyunun şəksiz favoriti «Neftçi» idi. Medallar uğrunda mübarizə aparan komandanın autsayder önündə hansısa çətinliklə üzləşəəyi inandırıcı deyildi. Sual olaraq qalan yeganə məqam «Neftçi»nin «Mil Muğan»a necə qol vuracağı idi.
Oyunda hesab 1-ci dəqiqədə açıldı. «Neftçi»nin qurduğu ilk hücumdaca Nicat Musayev Vüsal Əsgərovu qapıçı ilə üz-üzə qoydu. Vüsal imkanı boşa vermədi – 1:0. Cəmi 4 dəqiqə sonra Vüsal Məmmədovdan ötürmə alan Ruslan Məmmədli qonaqları 2-ci dəfə meydanın mərkəzindən oyuna başlamağa məcbur etdi. «Neftçi»nin 3-cü qolu 20 dəqiqə sonra gercəkləşdi. İsmayıl Zülfüqarlının cinahdah cərimə meydançasına etdiyi asmaya hamıdan tez özünü yetirən Nicat Musayev topu qapıdan keçirdi.
Az sonra oyunun bəzəyi olan qol vuruldu. Sadiq Ağazadənin təxminən 30 metrdən endirdiyi zərbədən sonra top «doqquzluq»da «partladı».
Qələbə sayəsində «Neftçi» 5-cü pillədəki yerini qorumaqla yanaşı, 3-cü yerdəki «Keşlə» ilə xal fərqini 5-ə endirdi. Yeri gəlmişkən, fasilə dövründə bakılıların baş məşqçi postunda dəyişiklik olub. Komanda ötən ilin oktyabrında «Keşlə»dən heç bir səbəb göstərilmədən uzaqlaşdırılan Müşviq Qənbərova tapşırılıb. Onun yeni kollektivlə uğur qazanacağına inam böyükdür. Yaşayarıq, görərik.
«Mil Muğan»a gəlincə, imişlililər sonuncu pillənin daimi sakinləridir. Bu gedişlə «Mil Muğan» deyəsən, çempionatın elə 12-ci yerdə bitirəcək.
«Zirə» - «Sumqayıt» 1:1
Turnir cədvəlinin ekvatorunda qonşu olan 2 komandanın oyunu maraqlı mübarizə şəraitində keçdi. Nisbi üstünlüyün meydan sahiblərində olmasına baxmayaraq, Lənkəranda olduğu kimi bu oyunda da heç-heçə qeydə alındı – 1:1.
Oyunda hesabı 29-cu dəqiqədə qonaqlar açdılar. Rəvan Məmmədovun cinah ötürməsindən sonra İbrahim Novruzov topu başla «Zirə»nin qapısından keçirdi. İlk hissə 1:0 hesabı ilə Vüqar Quliyevin komandasının xeyrinə başa çatdı.
Qarşılıqlı hücumlar şəraitində keçən 2-ci yarıda hər iki komandanın fərqlənmək imkanları var idi. Lakin sevinən tərəf Rəşad Hüseynovun futbolçuları oldular. Özü də oyunun başa çatmasına 3 dəqiqə qalmış. İqbal Pənahovun qapıya doğru endirdiyi zərbədən sonra top İqbalın komanda yoldaşı Samir Qasımovun kürəyinə dəyərək topa daxil oldu.
«Ağsu» - «Qəbələ» 1-0
Oyundan əvvəl «Qəbələ»nin xal itriəcəyini desək, kimsə bizə inanmazdı. Amma futbol gözlənilməzliklərlə gözəldi. Heç-heçə bir yana, «Qəbələ» məğlub oldu. Bu yenilgi komandanın cari çempionatda ilk məğlubiyyətidir. İndiyə kimi keçirdiyi 16 oyunun 14-də qələbə qazanan «Qəbələ» 3 xal itkisinə rəğmən lider mövqeyindədir. Komanda 2-ci pillənin sahibi «Qarabağ»dan 10 xal öndədir.
90 dəqiqə ərazi üstünlüyünə malik olan qonaqların adına çatışmayan yeganə nəsnə qol idi. Real qol imkanlarından istifadə edə bilməyən Zaur Hacıyevin komandasının oyuna tam heyətlə çıxmadığını da deməliyik. Kollektivin 3 aparıcı futbolçusunun əvəzedici və U-19 komandasına cəlb olunub. Bundan başqa 9 futbolçu U-17 millimizin düşərgəsindən yenicə qayıdıb. Heyətdə bir neçə futbolçu U-16 komandasından çağırılıb. Lakin bütün bunlar «Qəbələ»nin qalib gəlməməsi üçün səbəb ola bilməzdi. Rəqiblər arasındakı aşkar səviyyə fərqi göz önündədir. Hər halda, «Ağsu»lu futbolçuların əziyyətini heçə endirmək də düzgün olmaz. Əziyyət çəkib, qalib gəliblər.
Oyuna gəlincə, qısaca onu deyə bilərik ki, hesab 2-ci dəqiqədə açıldı. Meydan sahibləri künc zərbəsindən sonra qələbə topunu vura bildilər. Daha bir yaddaqalan məqam qonaqların futbolçusu Cavidan Rəhimlinin oyunun sonlarına doğru kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılması oldu.
«Səbail» - «Keşlə» 3:1
Turun ən maraqlı qarşılaşması «Bayıl Arena»da keçirildi. Bunu oyunda vurulan qolların sayından, qırmızı vərəqələrdən də görmək olar.
1-ci dövrədə bu komandalar arasında keçirilən oyunda «Keşlə» 2:0 hesabı ilə qalib gəlmişdi. Bəlkə də bu məqam da oyunu daha prinsipial edirdi. Qarşılaşmada hesab 18-ci dəqiqədə açıldı. Cərimə meydançası daxilində Elşad Tağıyevdən ideal ötürmə olan Xəlil Bəşirov «Səbail»i hesabda irəli çıxardı. İlk hissə elə bu hesabla başa çatdı.
İkinci hissə də «Keşlə» üçün uğursuz başladı. Hissənin əvvəllərində Kənan Əsədli intizamsız hərəkətə görə hakim tərəfindən meydandan qovuldu. 10 nəfərlə qalmasına baxmayaraq, Nadir Əliyevin yetirmələri az sonra hesabı bərabərləşdirə bildilər. 60-cı dəqiqədə rəqib müdafiəçinin səhvindən sonra topu ələ keçirən Ridan Babayev uzaq məsafədən vurduğu gözəl zərbə ilə hesabı bərabərləşdirdi.
Buraxılan qoldan sonra ruhdan düşməyən meydan sahibləri topa daha çox nəzarət etməklə hücumlarının kəsərlərini artırdılar və bu, bəhrəsini verdi. 80-ci dəqiqədə ilk qolun müəllifi Xəlil «solo reyd»indən sonra Xəyal Bədirovun qol vurmasına şərait yaratdı. Xəyal komanda yoldaşının «hədiyyə»sini zay eləmədi – 2:1. Oyunun başa çatmasına 2 dəqiqə qalmış «Səbail» daha bir qol vurdu. Yenə də Xəlil fərqləndi. Bu dəfə də təkbaşına reyddən sonra. Buraxılan qoldan sonra hakimə etiraz edən «Keşlə»nin qapıçısı Əkbər Vəliyev 2-ci dəfə rəsmi xəbərdarlıq alaraq meydandan qovuldu.
Oyundan sonra hər iki komandanın baş məşqçisinin oyunla bağlı fikirlərini bizimlə bölüşdü. Qonaqların çalışdırıcısı Nadir Əliyev hakimliklə bağlı narazılığını gizlətmədi. Oyun ərzində bir neçə epizodda referinin onlara qarşı haqsızlıq etdiklərini bildirən Nadir müəllim hətta bir epizodda yüz faizlik penaltidən məhrum olunduqlarını söylədi. 2 il əvvələ kimi hakimlərə nəzarətin olduğunu deyən, N.Əliyev matçlara hakim-inspektorların təyin olumayacağı halda hakim özbaşınalığının və səhlənkarlığının davam edəcəyini də bildirdi.
Meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov isə əksinə, hakimlikdən razı qaldığını söylədi. Bundan başqa, veteran futbolçu bu oyunun onlar üçün xüsusi əhəmiyyət daşıdığını da dedi: «İlk dövrədə «Keşlə»yə 0:2 hesabı ilə məğlub olmuşduq. Həm bu məğlubiyyət, həm də «Keşlə»nin güclü komanda olması bizi oyuna daha yaxşı hazırlaşmağa məcbur edirdi. Qış fasiləsinin qısa olmasına baxmayaraq, yaxşı hazırlıq keçə bildik. Klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm, Onların sayəsində 1 həftəlik toplanışda olduq, gündə 2 dəfə məşq keçməklə çempionatın qalan hissəsinə daha yaxşı hazırlaşdıq və zəhmətimiz hədər getmədi. «Keşlə» üzərində qələbə bizim üçün çox vacib idi. Növbəti turlarda bu uğuru davam etdirməklə turnir cədvəlində daha üst pillələrə yüksəlmək əzmindəyik».
«Qarabağ» - «Kəpəz» 2:0
Binə qəsəbə stadionunda keçirilən son oyunu eyni zamanda turun mərkəzi qarşılaşması adlandırmaq olardı. 2-ci pillənin sahibi «Qarabağ» 4-cü yerdəki «Kəpəz»i qonaq etdi. İlyas Qurbanovun komandasının oyunun gedişindəki üstünlüyü hesabda da əksini tapdı. «Qarabağ» ilk qolu oyunun əvvəllərində standart vəziyyətdən vurdu. Bilal Hüseynlinin qapı önünə göndərdiyi topu Nihat Quliyev başla qapıdan keçirdi. Meydan sahiblərinin ikinci qolu isə 1-ci hissənin axırına yaxın Musa Qurbanovdan gəldi. Kənan Qasımovdan əla ötürmə alan Qurban Qurbanovun oğlu yekun nəticəni müəyyənləşdirən qola imza atdı – 2:0.
Qələbə sayəsində «Qarabağ» «Keşlə» ilə xal sayını eyniləşdirərək 2-ci pilləyə yüksəldi. Bu yeri qorumaq üçün İlyas Qurbanovun yetirmələri növbəti turda çətin Sumqayıt səfərindən də qələbə ilə dönməlidirlər. «Kəpəz»i də gələn tur çətin oyun gözləyir. «Səbail»i qəbul edəcək gəncəlilər məğlub olacaqları təqdirdə 6-cı pilləyə yuvarlana bilərlər.

Bombardirlər: Nicat Musayev («Neftçi») – 19 qol, Xəyal Bədirov («Səbail») – 15 qol.
Qeyd: Protokollar oyunların ertəsi günü AFFA-ya təqdim olunduğu üçün qurumun rəsmi saytında bombardirlər cədvəlində yeniləmələr növbəti tur aparılır. Bu üzdən bombardirlər cədvəlində uyğunsuzluğu anlayışla qarşılamağınızı xahiş edirik.
U-17 Liqasında növbəti turun oyunları yanvarın 29-da keçiriləcək: «Kəpəz» - «Səbail», «Keşlə» - «Xəzər Lənkəran», «Neftçi» İK İB – «Neftçi», «Mil Muğan» - «Ağsu», «Qəbələ» - «Zirə», «Sumqayıt» - «Qarabağ». Oyunların başlama vaxtı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news» və sportinfo.az saytının birgə layihəsi