Yanvarın 5-də Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında "Neftçi" İK-nun təşkilatçılığı ilə start götürmüş futbol məşqçilərinin növbəti seminarı sona yetib.
Newsport.az xəbər verir ki, beş gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.
Qurumun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara yeni ildə uğurlar dilədi. O, tədbir iştirakçılarına uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açaraq, uşaqlar arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən yararlanmağın vacib olduğunu söylədi.
Sonra Azərbaycanın ünlü FİFA referisi Əliyar Ağayev və FİFA referi köməkçisi Mübariz Haşımov çıxış edərək seminar iştirakçılarına oyun qaydaları haqda ətraflı məlumat verdilər və məşqçilərin müxtəlif suallarını cavablandırdılar.
Seminarda müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdi. Futbol məşqçilərinin nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında göstərdikləri aktivlik və fəallıq diqqəti cəlb edirdi.
"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov müxtəlif sistemlər haqda geniş məlumat verdi. 4:3:3 sisteminin təsnifatı; bu sistemdə rəqibin 1, 2, 3 və 3+1 hücumuna qarşı müdafiəçilərin davranışı; mövqeləri itirdikdə, 1:2, 2:3, 2:4, 3:4 zamanı onların sığortalamaları; mövqelərə sahib olduqda rəqibin 1, 2, 3 və 3+1 hücumlarına qarşı necə davranmalı; mövqelərdən keçid və bu keçidin təkmilləşdirilməsi; mövqeləri itirdikdə və tutduqda orta sahə oyunçularının davranışı; müdafiə, orta sahə oyunçuları və hücumçuların birgə fəaliyyəti – son tamamlama; istedad - onun inkişaf yolları, təkamül, xronoloji və bioloji böyümə, uğurlu amillər və istedadın inkişafında 10 əsas faktor; oyun qaydaları və digər mövzularda həm nəzəri, həm də praktik məşqlər keçirildi.
Qeyd edək ki, "Qaradağ Lökbatan” komandasının baş məşqçisi Həbib Ağayev də seminarda iştirak edib.