Bu gün “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin 2017-ci ildə yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirilib.
Newsport.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbirin keçirilməsində əsas məqsəd uğur qazanan insanların əməyinin qiymətləndirilməsi, gələcəkdə onların daha yüksək nəticələr əldə etmələrinə stimulun formalaşdırılmasından ibarət olub. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, məşqçi-müəllimlər, idmançılar, media nümayəndələri iştirak edib.
Ümumilikdə 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə qazanmış 22 idmançı, uşaqların və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərən 26 məşqçi-müəllimə fəxri adlar və mükafatlar verilib. Onların arasında "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin gənc məşqçisi Samir Əbdürrəhmanov da olub. Mütəxəssisin çalışdırdığı “Vətən” FK 6-10 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən futbol üzrə beynəlxalq turnirdə 10 yaşadək komandalar arasında qalib adını qazanıb. Avstriyanın paytaxtı Vyanada baş tutan “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə qazanan Əbdürrəhmanov idmançıların hazırlanmasında və yeniyetmələrin futbola cəlb olunmasında göstərdiyi səmərəli fəaliyyətə görə fəxri ada layiq görülüb.
Qeyd edək ki, Samir Əbdürrəhmanovun başçılıq etdiyi "Vətən"in 11 yaşlılardan ibarət komandası Türkiyədə iştirak etdiyi son beynəlxalq "Limra Cup" turnirində bürünc medalları qazanıb.


