Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında "Zirə" doğma meydanda "Neftçi" ilə qarşılaşıb və 1-0 hesabı ilə qalib gəlib.
Newsport.az xəbər verir ki, oyunsonrası stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandıran "Neftçi"nin futbolçusu Rəşad Sadiqov son zamanlar aktual olan oyun alqı-satqısına da toxunub.
Üstünlük bizdə idi, lakin nədənsə sonda məğlub olan tərəf biz olduq. Amma dörd gün sonra cavab oyunu olacaq. Mən inanıram ki, mərhələni adlayan tərəf biz olacayıq.
- Buraxılan qolda qapıçının səhvi nə qədər idi?
- Deməzdim orada qapıçının səhvi oldu. Buraxılan qolda hamımızın səhvi var idi
- Müdafiədə oynamağın nə ilə bağlı idi?
- Kirill Petrov dizindən əməliyyat olunub. Məcbur olaraq o mövqeydə çıxış etdim. Mənə problem olmadı.
- Şansları necə dəyərləndirirsən?
- Bizim üçün çox pis nəticədir. Qol vurmadan uduzmuşuq. Amma şanslarımız qalıb. Əlimizdən gələni edəcəyik ki, yarımfinala yüksələk. Çünki avrokuboklara ən yaxın yol ölkə kubokundadır. Bunu əldən buraxmaq istəmirik.
- “Zirə” “Neftçi” üçün arzuolunmaz rəqibə çevirilib. Bunun səbəbi nədir?
- Bəli. Amma əlimizdən gələni etməliyik. Bu formanı geyiniriksə, hamı bunu dərk etməlidir.
- Son günlərdə danışılmış oyunlarla bağlı yayılan xəbərlər futbolçulara necə təsir edir?
- Bu haqda danışmamağı məsləhət biliblər. Kiminsə haqqında danışmasaq yaxşıdı. Kim nə edir, özünə edir, cavabını alacaq. Oyun alqı-satqısı ilə məşğul olanın cəzasını Allah verəcək.
- Danışmasanız da, mətbuatı izləyirsiniz və “Neftçi”nin də məşqçisi buna görə ömürlük futboldan kənarlaşdırıldı…
- İstər-istəməz təsir edir. “Bobo”nun məsələsi “İnter”in vaxtında olub. Müsahibəsində də deyib ki, pul qoyuluşu etməmişəm. Yəni özləri hər şeyi danışırlar.