10 səbəb: Niyə Qurban Qurbanov? YAZI

Məsələyə bir də belə yanaşaq: Zaqatalanın Aşağı Tala kəndində tütünçü ailəsində doğulan, alın təri, əl qabarı ilə böyüyən Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olundu. Bundan böyük uğur varmı?
Mən dəbdəbəli evlərdə yox, qapısı-bacası sınıq-salxaq olan, sobasını külək söndürən, işığı elektrikdən deyil, ağ neftdən alan evlərdə böyüyüb, bir qarnı ac, bir qarnı tox olan adamların uğurlarına hər zaman sevinmişəm, onları hər zaman digərlərindən bir addım öndə görmüşəm... 
Çünki bu adamlar ağlı kəsəndən öz ayaqları üstə durublar, öz ayaqları ilə yıxılıb, öz ayaqları ilə qalxıblar... Həyatla mübarizə aparıb, qalib gəliblər... 
Təsəvvür edin Aşağı Tala kəndində məhz bu şəraitdə doğulub-böyüyən biri bu gün Azərbaycan futbolunun zirvəsindədir, Azərbaycanda ümumən ən çox müzakirə olunan adamdı, xalq, dövlət bu adama güvənir. 
Düşünürəm ki, Qurban Qurbanov keçdiyi həyat yolu ilə layiqdi zirvədə olmağa... 
... Yaxından tanıyanlar bilir ki, mən hər zaman sükanın yerlilərdə olmasının tərəfdarıyam. Klublarda yerli futbolçuların kapitan sarğısı daşımasını, yerli məşqçilərin vicdanla çalışmasını hər zaman dəstəkləmişəm, bu gün də belədir. Çünki 99 faiz legioner ilk növbədə pulu düşünür, daha sonra klubunu, komandasını fikirləşir. Milli mənsubiyyət, dövlət, bayraq, millət onun üçün sadəcə öz ölkəsində keçərlidir və bu da təbiidir.

Qurban Qurbanovun gəlişi həm də uzun müddətidir davam edən və heç bir ciddi uğurla müşayət olunmayan əcnəbi zəncirinin qırılması deməkdir. Bəlkə də, bu təyinat bir neçə il bundan öncə olsaydı, düşünərdim ki, tezdi. Amma Qurban Qurbanovun 45 yaşında və bu uğurlu nəticələrdən sonra anasının ağ südü kimi halalı olan, haqq etdiyi posta gətirilməsi çox qanunauyğundur və, məncə, ümumiyyətlə müzakirəyə açıq olmayan mövzudur.

Sözsüz, həyatda qüsursuz insan yoxdur. Hər kəsin bəlli bir periodda müəyyən qusurları var. Qurban Qurbanovun da bəlkə də şəxs və ya məşqçi kimi çatışmazlıqları yox deyil. Yəni 4/4-lük bir insan-bir məşqçi və ya başqa bir peşənin sahibi yoxdur. Lakin qüsurlarla dolu dünyada ən uyğun variantlar da hər zaman vardır. Qurban Qurbanov da bu gün məhz milli üçün, Azərbaycan futbolu üçün ən uyğun variantdır. Niyə?

1. Bu xalqın içindən çıxan bir insandır.
2. Vətəninə, dövlətinə, millətinə sadiq bir vətəndaşdır. İlk növbədə vətəndaş olmaq lazımdır. 
3. Bütün həyətanını futbola həsr edib, təsadüfü adam deyil.
4. Uzun illər milli komandada futbolçu kimi çıxış edib, o üçrəngli bayrağı sinəsinin üstündə daşıyıb, kapitan sarğısı ilə liderlik edib. Milli onun üçün yad yer deyil.
5. Xarakterlidir, döyüşkəndir, zəhmi, əzmi var.
6. Öz ideyası, fikri olan adamdır. 
7. 2008-ci ildən etibarən “Qarabağ”da çalışan və çox uğurlu işlər görən şəxsdir. Nəticələri gözqamaşdırıcıdır.
8. Xalq tərəfindən qəbul olunur, xalqın və dövlətin sevimlisidir. Bunun ikisini bir anda əldə etmək hər adamın işi deyil. 
9. Futbolçular, futbol ictimaiyyəti, KİV nümayəndələri arasında böyük nüfuzu var. 
10. Artıq itirməkdə olduğumuz, stadiona rəqibdən asılı olaraq 10-15 min nəfər azarkeş toplaya bilən millini yenidən hamımıza qaytara biləcək ampluada bir şəxsdir...

Amma...

Amması da odur ki, klub və millidə eyni zamanda işləmək təcrübəsi adətən uğursuz olub. Və hər uğursuzluq çalışdırıcının iki yerdə işləməsi ilə bağlanılıb. Qurban Qurbanov bu baxımdan təhlükə ilə üz-üzə olsa da, yenə ümid yeri var. Ümid yeri odur ki, “Qarabağ” həm də milli komandanın bazasıdır.

Ümumiyyətlə, hələ də futbol ölkəsi sayılmayan Azərbaycanın belə bir məşqçisi, siması varsa, buna sadəcə sevinə bilərik. Bütün neqativlikləri və mümkün təhlükələri bir kənara qoyub, Qurban Qurbanova üçrəngli bayrağımızı, millimizi, qürur duya biləcəyimiz yeri böyük pozetiv arzularla təslim edək. Uğurlar, Qurban Qurbanov.

ELGİZ ABBASOV





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right