“Çətin oyun oldu. Deməzdim ki, pis oynadıq. Rəqibə yaxşı müqavimət göstərdik”.
Newsport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Viktor Oseqeyl deyib.
“Sarı-göylər” Azzərbaycan Premyer Liqasının XI turunda öz meydanında “Qarabağ”a məğlub olub – 0:2.
Oyundan sonra saytımıza açıqlama verən nigeriyalı hücumçu fikirlərini bildirib: “Məğlub olmağa layiiq deyildik. Düşünürəm ki, təcrübəsizlikin qurbanı olduq. Rəqib xoş sözlərə layiq komandadı, heyətində kifayət qədər təcrübəli futbolu yer alıb”.
Matçın 27-ci dəqiqəsində maraqlı hadisə baş verib. Belə ki, Oseqeyl “Qarabağ”ın qapıçısı İbrahim Sehiçlə mübarizədə yerdə qalıb və qarşılaşmanın baş hakimi Rəhim Həsənov 11 metrlik cərimə zərbəsinə işarə verib. Lakin forvard hakimə yaxınlaşaraq, penalti olmadığını deyib. Oyunçu həmin epizodu belə şərh etdi: “Düz qərar qəbul etdiyimi düşünürəm. Həqiqətən də penalti olmadığı üçün hakimə yaxınlaşdım və fikrimi bildirdim. Sağ olsun, qərarını dəyişdi. Baş məşqçimiz də oyundan sonra mənə təşəkkür etdi”.