Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qəbələ" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra “Səbail”in müdafiəçisi Kamal Qurbanov Newsport.az-a açıqlama verib. “Neftçi”nin yetirməsi “qırmızı-qaralar”dan səviyyə baxımından geri qaldıqlarını etiraf edib:
““Çox çətin oyun oldu. Amma biz bunu gözləyirdik. Bilirdik ki, “Qəbələ” kimi çempionluğa iddialı komandaya qarşı səfərdə oynamaq bizim üçün heç də asan keçməyəcək. Çünki bizim komandamızda gənc və təcrübəsiz futbolçular çoxdur. Rəqibin isə təcrübəli və güclü legionerləri var. Onlar ötən tur “Zirə”yə uduzmuşdular. Bu səbəbdən bu gün mütləq qalib gəlmək üçün meydana çıxmışdılar. Bu da işimizi bir qədər də çətinləşdirdi. Əslində oyunu yaxşı hazırlaşmışdıq. Ancaq “Qəbələ”yə müqavimət göstərə bilmədik və uduzduq. Bu gün “Qəbələ”nin bizdən güclü olduğunu etiraf etməliyik. Bundan sonra ikinci dövrənin qalan oyunlarına hazırlaşıb bacardığımız qədər çox xal toplamağa çalışacağıq”.
Mərdan Həsənov/ Qəbələ