Çempionatın 11-ci turunun açılış oyunu Qəbələdə keçirildi. Peşəkar Futbol Liqası bu dəfə jurnalistləri “Qəbələ” – “Səbail” oyununa apardı. Əvvəlcədən onu nəzərinizə çatdıraq ki, görüşdə qapılara 4 top vurulsa da, gərgin, nəfəskəsən mübarizə görmədik. Bəlkə də “qırmızı-qaralar”ın ilk hissədə 2 top fərqi ilə irəli çıxması intriqanı öldürdüyündən qarşılaşma o qədər də maraqlı alınmadı. Nə isə. Sözü çox uzatmadan meydanda baş verənlərə keçək.
Qriqorçukun rotasiyaları, Əliyevin gizlətdiyi “kartlar”

Amma əvvəlcə baş məşqçilərin meydana buraxdığı heyət haqqında 1-2 kəlmə deməyə ehtiyac var. Bu “Qəbələ” uğursuzluq zolağına düşüb. Məsələ təkcə qeyri-sabit nəticələrdə deyil. Söz yox, 1 tur udub, növbəti tur uduzmaq da ciddi problemdir. Amma ən böyük dərd zədəlilərin çoxluğudur. Filip Ozobiç və İlqar Qurbanovun ayağına axırıncı dəfə nə vaxt top dəydiyini az qala unutmuşduq. Bu azmış kimi əsas müdafiəçilərdən Vitali Vernidub da sıradan çıxıb. Bu səbəbdən Roman Qriqorçuk bu mövsüm ilk dəfə Rasim Ramaldanovu meydana buraxmışdı. Sabiq yığma üzvü müdafiənin mərkəzində Voislav Stankoviçlə tandem təşkil etmişdi. Son iki turda meydana çıxmayan Tellur Mütəllimov bu dəfə müdafiənin solunda, Cavid Hüseynov cəzalı olduğu üçün kapitan sarğısını qoluna taxmış Urfan Abbasov isə sağında qərarlaşmışdı. Yarımmüdafiənin mərkəzində “Qəbələ” Futbol Akademiyasının iki yetirməsi – Elvin Camalov və Qismət Alıyev yer almışdı. Maraqlı məqamlarından biri Qriqorçukun əlinin altındakı 5 qara dərili futbolçudan dördünü start heyətində meydana buraxmasıydı.Onlar ön xətdə idi. Samir Əliyev də maraqlı addım atmışdı. Belə ki, debütantın heyətində Premyer Liqada hərəyə 2 qol vuran Elman Taqayev və Vüqar Nadirov ehtiyatda qalmışdı. Belə çıxırdı ki, baş məşqçi qarşılaşmanın əvvəlindən bütün “kartlar”ı açmaq istəməmişdi.
İlk hissədə intriqanı öldürdülər

İlk 45 dəqiqə barədə nə demək olar? Matç sakit məcrada start götürdü. “Qəbələ” qol vurmaq üçün qətiyyən tələsmirdi. Zamanını gözlədi və qol gəldi. Ani əks-hücum məhsuldar alındı. Sol cinahla irəliləyən Stiven Jozef-Monroz topu bir qədər mərkəzə ötürdü. Famussa Kone topu saxlamadan birbaşa qapının uzaq küncünə göndərdi – 1:0. Kamal Qurbanov hesabı bərabərləşdirməyə yaxın olsa da, Dmitri Bezotosnı yaxın küncü vaxtında bağladı. Renanın “status-kvo”nu bərpa etmək arzusunu da ukraynalı qapıçı gözündə qoydu. Əks-hücum taktikası seçən “qırmızı-qaralar” ilk hissənin ortalarında daha bir qola imza atdı. Bu dəfə Tellur Mütəllimovun qapı qarşısına havalandırdığı topa “qaranquş” zərbəsi endirən Baqali Dabo hesabı artırdı – 2:0. İlk hissənin sonlarında isə Abakarov qola yaxın oldu. Ancaq Murtuzun uzaqdan zərbəsi az fərqlə hədəfə dəymədi.
Yenə dubl və eyni hesab

İkinci hissədə də mübarizə eyni axarda davam edirdi. Oyunda sürət və gərginlik çatışmırdı. “Qəbələ”nin iki dəyişikliyi məcburiyyətdən atılmış addım idi. Samir Əliyev isə bütün kartlarını açdı və Vüqar Nadirovla Elman Taqayevi meydana buraxdı. Nadirov əlinə fürsət düşən kimi uzaqdan zərbələrlə qol vurmağa çalışırdı. Amma Popoviçin epizodu daha təhlükəli oldu. Dima Adrianın təhlükəli vuruşunu çox çətinliklə tuta bildi. Daha bir əks-hücum və 3:0. Oyunu yüksək səviyyədə keçirən Elvin Camalovun gözəl ötürməsindən sonra Dabo dubla imza atdı. Maraqlıdır ki, Baqali ilk dövrədə də “Səbail”in qapısından 2 top keçirmişdi. Elə hesabda ilk dövrədəki görüşün hesabıyla eynilik təşkil etdi. Bezotosnı və Mütəllimovun səhvi nəticəsində Eltun Yaqublu qonaqların təsəlli qoluna imza atdı. Xatırladaq ki, Bakıdakı qarşılaşma da “Qəbələ”nin 3:1 hesablı qələbəsiylə başa çatmışdı.
Zədəlilərin sayı artdı

“Qəbələ” bu qələbə ilə 2-ci pilləyə yüksəlsə də, ürəkdən sevinə bilmədi. Çünki buna qədər əsas heyətin 3 üzvü sıradan çıxmışdısa, onların sırasına Rasim Ramaldanov və Stiven Jozef-Monroz da qoşuldu. Monroz ilk hissədə zədələndi. Ramaldanov 54-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qaldı. Onların zədəsi ciddi olsa, bu, Roman Qriqorçuk üçün çox böyük problemlər yaradacaq.
Diqqəti çəkən məqamlar

Sonda bəzi diqqəti çəkən məqamları nəzərinizə çatdıraq. Oyun bir neçə dəqiqə gec başladı. Bu öz yerində. İkinci hissədə də ləngimə oldu. Söhbət Samir Əliyevdən gedir. Nədənsə komandasından xeyli sonra soyunub-geyinmə otağından çıxan baş məşqçi gülümsəyərək texniki zonaya qaçdı. “Qəbələ”nin sonuncu əvəzetməsi 84-cü dəqiqədə gerçəkləşdi. Qriqorçuk Famussa Konenin yerinə Dion Omar Maloneni meydana buraxdı. Bunu görən Endi Hallidey yenə sona kimi ehtiyatda qalacağını anlayıb, oyunun başa çatmasını gözləmədən soyunub-geyinmə otağına yollandı. “Qəbələ”nin prezidenti Tale Heydərov da qardaşı ilə birlikdə bu oyunu canlı izləyirdi. Matç bitdikdən sonra klubun başqanı dostlarıyla digər meydanda futbol oynadı.
Mərdan Həsənov/ Qəbələ