"Demirəm, gələcəyin Mourinyosudu, ancaq..." - Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov brifinq keçirib.

Newsport.az-ın məlumatına görə, müsahibədə baş katib bir çox məqama toxunub.

- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunması ilə bağlı nə düşünürsüz?
- Sürpriz olmadı. Bunu ictimaiyyət gözləyirdi. İcraiyyə Komitəsinin iclası zamanı biz ondan zaldan çıxmağı xahiş etdik ki, hamı öz fikrini sərbəst ifadə edə bilsin. Açıq müzakirə getdi. Qurban Qurbanova uğurlar arzulayırıq. Dekabrda onunla uzunmüddətli – 3 seçmə mərhələni əhatə edən müqavilə imzalanacaq.

- Başqa namizədlər var idi?
- Bəli. Ancaq onlar müzakirə olunmurdu. Çünki İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini eşitmək istəyirdik. Gördük ki, digər namizəd axtarmağa ehtiyac yoxdu.

- Qurban Qurbanov həm də “Qarabağ”ın baş məşqçisidi. Klub rəhbərliyi ilə söhbətiniz olub?
- Bəli. Klubda bu qərarı müsbət qarşıladılar. Qurbanovun təyinatı üçün bundan gözəl vaxt ola bilməzdi. Xüsusilə “Atletiko” ilə Madriddəki oyundan sonra. Bəlkə də 3-4 il əvvəl biz onu təyin etsəydik, bu, tez olardı. Məncə, ən yaxşı vaxtı seçdik.

- Eyni anda iki komandaya rəhbərlik etmək Qurban Qurbanov üçün çətin olmayacaq?
- Bütün yükü o daşıyacaq. Qurban müəllim elə insandı ki, nəsə çətinlik olsa, gəlib deyəcək. Təəssüf ki, bu gün çempionatımızda 16 yox, cəmi 8 komanda iştirak edir. Bu isə maksimum 200 futbolçu deməkdi. Seçim çox azdı. Artıq baza komandamız olacaq. İrəlidə gedən ölkələrə baxanda görürük ki, əksər millilərin üzvləri bir klubda oynayırlar və uğurlu nəticə göstərirlər. Biz də bu modeli tətbiq etmək istəyirik. Türkiyənin ən uğurlu vaxtlarında əksər futbolçular “Qalatasaray”ın üzvləri idi. İngiltərədə bu gün çoxlu yaxşı futbolçu olsa da, ayrı-ayrı klublarda çıxış edirlər deyə uğur qazana bilmirlər. İspaniya və Almaniyada isə əksinədi və nəticələri görürük.

- Baş katibliyiniz dövründə ilk dəfə baş məşqçi yerli olacaq. Bir qədər gec deyil ki?
- Robert Prosineçkinin təyinatından əvvəl də qeyd olunmuşdu ki, hələlik təcrübə qazanmaq daha yaxşıdı. Bugünkü gündən yaxşı təyinat vaxtı ola bilməzdi. İstəyirik ki, “Qarabağ”ın indiki nəticələrini də itirməyək. Baş məşqçidən soruşduq və bildirdi ki, buna müsbət baxır. Demokratik şəkildə müzakirə apardıq. İki yerdə işləmək yükünü o üzərinə götürür. Qurban müəllim bunu qəbul elədi. 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, tez olardı.

- Müqavilənin maddi detalları necədi. Qurban Qurbanovun məvacibi Robert Prosineçkidən çox olacaq, ya az?
- Bu, heç müzakirə olunmayıb. Pul məsələsini nə Qurban müəllim qaldırdı, nə də biz. Bu, problemsiz həll olacaq.

- İndiyə qədər ölkə futboluna xeyri dəyməyən mililəşdirməyə son qoyulacaqmı?
- Baş məşqçi qərar verəcək. Türkiyə yığmasına düşməyən futbolçular hazırda da bizə müraciət edir. Adlarını çəkməyəcəm. Məsələ bu günə qədər baş məşqçinin tövsiyəsi ilə yerinə yetirilib. Onların heç biri deyə bilməz ki, rəhbərlikdən kimsə hər hansı bir futbolçunu yığmaya dəvət etməyi istəyib. Ramil Şeydayevlə danışıq aparanda da baş məşqçinin münasibətini öyrəndik.

- Renat Dadaşovun U-21 yığmamıza gəlmək istəmədiyi deyilir. Bu, doğrudurmu?
- U-21 milisinin baş məşqçisi Samir Ələkbərov onu çağırmaq istəyirdi. Ancaq o dedi ki, həmin vaxt klubunda oyunu ola bilər. Biz klubunda oyunu yoxdusa, gəlib iştirak etməsini istərdik. Əgər ümumiyyətlə oynamaq istəməsə, bu məsələni ayrıca müzakirə edəcəyik.

- Vahid sistemə keçid kütləvi islahatlara səbəb olacaq?
- Bəzi dəyişikliklər etməliyik. Ola bilər ki, vahid sistemə uyğun olaraq hansısa milli komandanın futbolçusu digər klubda oynayırsa, orda məşqçi tamamilə ayrı yükləmə verir. Təbii ki, bununla bağlı dəyişiklik olacaq. Biz istəyirik ki, “Qarabağ” Çempionlar Liqasında builki oyunları bitirsin. Ümid edək ki, komanda çıxışını Avropa Liqasında davam etdirsin. Bundan sonra bütün məşqçilərlə görüş keçiriləcək və konsepsiyanı onlara təqdim edəcəyik. Müvafiq qərarlar qəbul olunacaq.

- Bəs administrativ islatatlar gözlənilirmi?
- Xeyr. İndi millidə işləyən fizioterapevt “Qarabağ”da da eyni vəzifəni daşıyır. AFFA-nın baş həkimi yığma ilə birlikdə işləyir. Bütün klublarla sıx əlaqədədi. AÇ-2020-yə vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, hamı bir-birinə dəstək olmalıdı. Baş məşqçi köməkçilərini özü seçəcək. Bernhard Lippert müqaviləsinin sonuna kimi qalacq. Qurban müəllimin gəlişindən sonra artıq tərcüməçiyə ehtiyac qalmayacaq. Ancaq istəyirik ki, AFFA-da qalsın, çünki, təcrübəli insandı. Demirəm, gələcəyin Mourinyosudu, ancaq təcrübəsi var. Adminstratorlar arasında Riad Rəfiyev də var. Bu barədə Qurban müəllimə məlumat verəcəyik və o öz fikrini bildirəcək. İdarə heyəti eyni qalacaq. Katiblik İcraiyyə Komitəsi tərəfindən təsdiqlənir. Baş kaitib katibliyini yığır və AFFA prezidenti başda olmaqla, İcraiyyə Komitəsinin üzvləri katibliyin işlərinə qarışıb, müvafiq qərar qəbul edə bilər.

FutbolPress





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right