Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edib.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin 1-0 hesabı ilə qalib gəldiyi oyundan sonra “Qarabağ”ın müdafiyəçisi Maksim Medvediyev jurnalistlərin suallarını cavablandırıb.
-Oyun necə keçdi? Oyun haqda nə deyə bilərsiz?
-“Səbail”i yaxşı analiz etmişdik, bilirdik harada daha güclüdülər, harada zəif. Oyun başlayanda daha çox hərəkətdə olduq və fürsətlər yaratmağa çalışdıq. Ancaq çox təəssüflər olsun ki, qırmızı kart işimizi çətinə saldı. Düzdür, sonda uşaqlar ruhdan düşmədi. Daha da inamlı, aqressiv, sürətli oynamağa başladılar və nəticədə 3 xal qazana bildik.
- Hakimin oyunu idarə etməsi ilə bağlı nə deyə bilərsən? Bir epizod oldu ki, sanki penalti var idi...
- Futboldur. Bir an olur görürük və ola bilər bir etirazlarımız olur. Ancaq dəqiq olaraq televizor arxasında oturanlar nə baş verdiyini görürlər. Penaltiyə oxşar bir epizod idi, ona görə uşaqlar hakimin üstünə getdilər. Heç kim dəqiq deyə bilməz ki, orda nə baş verib, çünki hamı epizoddan bir az uzaq idi. Qalib gəlmək istəyirdik və ona görə uşaqlar hakimin üstünə qaçdılar. Onları da başa düşmək lazımdı. 90 dəqiqə top bizdə qaldı və istəyirdik ki, qalib gələk.
- “Qarabağ” oyuna rahat çıxdı, bəlkə “Atletiko” ilə oyunu fikirləşirdi.
- Qeyd edim ki, zədəli oyunçularımız var. Gördüyünüz kimi, bəzi yerlərdə mövqe dəyişiklikləri olub. Çoxdan oynamayanlar da bu matçda forma geyindi. Ona görə anlaşılmamazlıq oldu və bir-birimizi yaxşı başa düşmürdük. Deyə bilmərəm ki, “Atletiko”ilə oyuna uşaqlar daha ciddi yanaşırdılar, bu oyuna yox. Baş məşqçi bizə bu oyunun nə dərəcədə ciddi olduğunu və başımızın ağrıya biləcəyini bildirmişdi. Demək olar ki, elə də oldu. Ancaq bizim üçün hər şey yaxşı bitdi.
- İlk dəfədir səni belə tənginəfəs görürəm. Çox yorulmusan , fiziki forman yerində deyil, ya necə?
- Yox sadəcə oyundan sonra qaçırdım, buna görə ola bilər.
- Özüvü necə hiss edirsən? “Atletiko” ilə oyuna hazırsanmı? Bir ara zədədən əziyyət çəkirdin...
- Bütün fikrim bu dəqiqə “Atletiko” ilə oyuna yönəlib. Bu oyunda iştirakım sual altında idi, allahın köməyi ilə hər şey yaxşı oldu. Zədəm çox incitmədi məni. İnanıram ki, “Atletiko” ilə qarşılaşmada daha yaxşı formada olacam və komanda daha yaxşı çıxış edəcək.