Son vaxtlar azərbaycanlı gənc futbolçuların ölkə xaricində oynaması halına tez-tez rast gəlirik.
Newsport.az saytının məlumatına görə, ölkənin istedadlı gəncləri əcnəbi klublarda oynamağa üstünlük verirlər.
Misal olaraq Budaq Nəsirovun Portuqaliyanın məşhur “Sportinq” klubuna keçidini göstərə bilərik. Bu keçidin reallaşmasında ölkənin tanınmış meneceri Vaqif Heydərlinin böyük əməyi var.
Heydərlinin vasitəçiliyi ilə daha bir gənc istedadımızın ölkə xaricinə gedişi reallaşıb. Belə ki, “Qəbələ”nin aşağı yaş qruplarındakı çıxışından tanıdığımız Fərid Nəbiyev Çexiyanın adlı-sanlı klubu Praqa “Slaviya”sı ilə anlaşıb. Ötən gün səhər saatılarında Çexiyaya gedən futbolçu və meneceri müqaviləyə qol çəkiblər.
19 yaşlı futbolçulardan ibarət milli komandamızın kapitanı Praqa təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Çexiyanın adlı-sanlı klublarından sayılan “Slaviya”nın əsası 1892-ci ildə qoyulub. Çexiyada son mövsümün çempionu olan “Slaviya” tarixi ərzində ölkəsində bütün mümkün titulları qazanıb. Komandaya təcrübəli mütəxəssis 55 yaşlı Yoraslav Şilqavı rəhbərlik edir. “Slaviya” ev oyunlarını 20800 tamaşaçı tutumuna malik “Eden Arena”da keçirir.
Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Kamran Ağayev də Çexiyada çıxış edir. Ağayev “Mlada” klubunun formasını geyinir.

Futbol11.az