UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif" üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" vətənə qayıdıb. Newsport.az saytının məlumatına görə, Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Hava limanında "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev əməkdaşımıza açıqlama verib. O, oyun barədə danışıb: "Ağır oyun keçirdik, çətin səfər oldu. “Şerif” tam fərqli oyun oldu. Onların hücumlarının qarşısını ala bildik. Tam istədiyimiz kimi oynamadıq. Şükürlər olsun ki, pley-off-da mübarizə aparacağıq".
Medvedev zədəsi haqda məlumat verib: “İki dəfə ardıcıl eyni yerdən zərbə aldım. Məcburi əvəzləndim. Çünki davam edə bilmirdim. İnşallah övbəti oyuna yetişərəm. Çox ciddi görsənmir”.
Müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək istədiklərini dilə gətirib: “Bu gün oyunlara baxacağıq və potensial rəqiblərimiz bəlli olacaq. Aydın məsələdir ki, burada zəif komanda olmur. Bizim yaxşı komandamız var. Bütün rəqiblər artıq bizi ciddi rəqib hesab edir. Avropa Liqasında qrup mərhələsində oynamışıq. Arzumuz ÇL-nin qrupunda çıxış etməkdir”