Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan "İnter" - "Xəzər Lənkəran" (3:1) oyunundan sonra qonaqların baş məşqçisi Oğuz Çətin komandasının məğlubiyyətini şərh edib.
Türkiyəli çalışdırıcı hakimlikdən və Tsxadadzedən şikayətlənib:
"Oyuna pis başladıq. Çox asan qollar buraxdıq."İnter" kimi güclü komandaya qarşı oyunda 0:2 geriyə düşmək və sonradan oyun qurmaq çox çətindi. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam. Bu oyuna qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Kaxaber Tsxadadzenin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldır".