Ayxan Abbasov: "Belə səhvlərin olacağını gözləyirdik"

“Çətin oyun olacağını bilirdik. Futbolçularımız oyuna tam hazır deyildilər”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

Qəsəbə təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Lüksemburqun “Differdanj” klubunu 2:0 hesabı ilə məğlub edib. Mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bildirib: “İlk dəqiqələrdən rəqibin müdafiəsini yarmaq çətin idi. İlk hissədə qol vurduq və sakit oynamağa başladıq. Bilirik ki, rəqib öz meydanında yaxşı oynayır. 1 gün istirahət etdikdən sonra cavab oyununun hazırlıqlarına başlayacağıq. Ümid edirik ki, cavab oyununda daha yaxşı çıxış edəcəyik”.

- Müdafiəçilər inamlı görünmürdü. Bunun səbəbi nə idi?

- İlk dəqiqələrdən müdafiəçilərimizdə bir az problem var idi. İstəyirdik ki, komandanı meydana yaxşı buraxaq, amma gördüyünüz kimi, alınmadı. Düşünürəm ki, get-gedə öz oyunumuzu tapdıq. Ümumilikdə, birinci oyun olduğunu nəzərə alsaq, belə səhvlərin olacağını gözləyirdik.

- Komandanızdakı çatışmazlıqları cavab oyununa qədər aradan qaldıra biləcəksinizmi?

- Oyundan-oyuna özümüzü bərpa etməyə çalışacağıq. Bildiyiniz kimi, yayda heyətimizi bir neçə futbolçu ilə gücləndirmişik. Hələlik futbolçular bir-birinə tam uyğunlaşmayıblar. Gabriel Matey təlim-məşq toplanışında bizimlə olmayıb, amma məcburiyyətdən onu meydana buraxdıq. Çünki bu mövqedə futbolçuya ehtiyacımız var idi. Yenə deyirəm, oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışacağıq.

- Milan Duriç, Təmkin Xəlilzadə və Anar Nəzirov barədə fikirləriniz maraqlıdır...

-Təmkindən biz daha çox şey gözləyirdik. Bir sıra epizodlarda öz mövqeyinda yaxşı oynamadı. Amma Anar Nəzirov və Duriçdən razı qaldım. 

- Yeni transferlər barədə nə deyə bilərsiz?

- Belfort qol vurdu. Manqa bundan yaxşı oynayacaq. Rəşad Sadiqova ikinci hissədə şans verdim. O, meydana daxil olandan sonra top bizdə qaldı.

- Rəşad Sadiqova start heyətində yer verməməyiniz nə ilə bağlı idi?

- Bilirdik ki, bizə, xüsusilə, ikinci hissədə topla oynayan futbolçu lazım olacaq. Viktorun yerinə oyunun gedişində Sadiqova şans verməyi düşünürdüm. Amma Orxanın oyunu alınmadığından, bu dəyişikliyə əl atmalı oldum.

- Bu qələbədən sonra “Astra” haqda düşünməyə başlamısız?

- Tələsməyə ehtiyac yoxdu. 2:0 hesablı qələbə heç nə demək deyil. Lüksemburqda bizə çətin olacaq. Əsas fikrimizi cavab matçına yönəltməliyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right