Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün növbəti sınağına çıxacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda "Dnepr"lə qarşılaşacaq oyun Ağdam klubu üçün böyük əhəmiyyət kəsb edir. "Qarabağ" bu oyunda qələbə qazanacağı təqdirdə növbəti mərhələ şansını xeyli yaxşılaşdırmış olacaq. Bu matçdan öncə Newsport.az olaraq oyunla bağlı dəyərli idman jurnalistlərinin fikirlərini aldıq.
Niyaz Niftiyev: ("Azadinform" İnformasiya Agentliyinin baş redaktoru): "Axşamki oyun gərgin olacaq. "Qarabağ"-"Dnepr" oyununu Kiyevdə canlı izlədim. Birinci qarşılaşmada "Qarabğ"ın müdafiə xəttinin güclü olması rəqib komandanın sürət tempini xeyli zəiflətdi. Bundan istifadə edən "Qarabağ" yaranmış qol şəraitini yaxşı dəyərləndirdi və hesabı açdı. Çox güman ki, bu gün keçiriləcək qarşılaşmada Qurban Qurbanov yenə müdafiəyə üstünlük verəcək. Əks təqdirdə "Qarabağ" üçün çətin oyun ola bilər. Nəzərə almaq lazımdır ki, "Dnepr" zəif komanda deyil və daha çox hücum taktikasına üstünlük verir".
Vüsal Mahmudov: (Futbolinfo.az saytının baş redaktoru) : "Qarabağ" üçün ən çətin ev oyunu olacaq. Rəqib əvəz çıxmaq, ilk matçdakı nəticənin təsadüfi olduğunu sübut etmək istəyəcək. Amma qorxmaq da lazım deyil. Ağdamlılar bu mövsüm avrokuboklardakı bütün oyunlarda rəqiblərindən üstün oynayıb. Qurban Qurbanovun rəqibi aldadacağına əminəm. Bəlkə də ilk dəqiqələrdən şiddətli hücumlar etmək lazımdı ki, rəqib təşəbbüsü ələ alıb istədiyi qolları vura bilməsin. Düzü, yaxşı nəticəyə ümidli deyiləm, amma Qarabağ çoxlarını dəfələrlə yanıldıb. Kaş bu dəfə də mən yanılım".
Natiq Muxtarlı: (komanda.az saytının redaktoru): "Dnepr"lə Bakıdakı oyun “Qarabağ” üçün daha çətin olacaq. Çünki “Dnepr” “Qarabağ”ın oyununa indi daha yaxşı bələddi. Üstəlik, ukraynalılar həm də aqressivdilər. Doğma meydanda aldıqları məğlubiyyətə görə. Kiyevdə “Qarabağ” ehtiyatlı futbol oynamış, əks-hücumlara bel bağlamışdı. Bu taktika özünü doğrultmuşdu. Ancaq düşünmürəm ki, Qurban Qurbanov yenə də eyni taktikaya üstünlük verəcək. Bu, “Qarabağ”ın əleyhinə olardı. Məncə hər iki komanda ilk dəqiqələrdən təşəbbüsü ələ almağa cəhd edəcək. “Qarabağ” bu məqamda rəqibini qabaqlaya bilsə, “Dnepr”in oyun intizamı pozulacaq. Heç bir vəchlə rəqibə topla oynamaq imkanı vermək olmaz. Hakimin start fitindən sonra “Qarabağ” üstünlüyü ələ alıb, erkən qol vura bilsə, ukraynalıların işi bitmiş sayılacaq".
Elnur Məmmədli(İdman Azərbaycan telekanalanının şərhçisi): "Hamı "Qarabağ"dan bu oyunda qələbə gözləyir. Kiyevdəki qalibiyyətdən sonra psixoloji baxımdan "Qarabağ" bir az təzyiq altındadır. Çünki hər kəs Ağdam klubunun qələbə qazanmasını istəyir. Amma 31 min azarkeş komandamıza dəstək olacaq. Və bu baxımdan üstünlük "Qarabağ"ın tərəfində olacaq. Qurban Qurbanovun komandası əlinə düşmüş tarixi şansı əldən verməməlidir. İlk dəfə olaraq komandamız Avroliqanın pley-off mərhələsinə vəsiqə qazana bilər. Məncə, "Qarabağ" eyforiyaya qapılmasa, səbrli və təmkinli oynasa, "Dnepr" üzərində qələbə qazanacaq".
Kənan Məstəliyev(Rekord.az saytının baş redaktoru): "Məncə, bu oyun Azərbaycan futbol tarixinin ən vacib matçlarından biridi. Qələbə bizi böyük tarixlə üz-üzə qoya bilər və pley-off mərhələsinə çıxa bilərik. Oyunun özü gərgin keçəcək. "Dnepr"in pley-offa çıxmaq üçün son şansıdı. Uduzsalar, hər şey bitəcək. Ona görə də sona qədər mübarizə aparacaqlar. "Qarabağ" ehtiyatlı olmalı, oyunu əks-hücumda qurmalıdı. Bu matçın taleyini Reynaldo həll edəcək. Braziliyalı yaxşı oynasa, epizodlarda ağıllı tərpənsə, qələbə bizim olacaq. İnşallah, məhz belə də olar".
Mərdan Həsənov( newsport.az saytının baş redaktoru): "Qarabağ"ın bu matçdan uğurlu nəticə ilə ayrılacağına əminəm. Çünki Qurban Qurbanov işinin öhdəsindən yaxşı gəlməyi bacarır. Təbii ki, "Dnepr" matçı heç də asan olmayacaq. Kiyevdəki matçdan da çətin olacaq burada. Amma "Qarabağ"ın Avropa təcrübəsi var və bu cür rəqiblərə qarşı necə oynamaq lazım gəldiyini yaxşı bilir. Hər halda hamımız futbolçularımıza inanırıq. Azarkeşlərin də dəstəyilə İnşallah "Qarabağ" Azərbaycan futbol tarixinə daha bir uğur yazdırmış olar. Hamımız sona kimi komandamıza dəstək olmalıyıq. "Dnepr"ə üç xal lazımdı. Onlar yəqin ki daha aqressiv oynamağa çalışacaq. AMma mən yenə də komandamıza güvənirəm".