Bu gün keçiriləcək daha 2 oyunla Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Qəbələ" klubları Bakıda meydana çıxacaqlar.
Əvvəlcə "qırmızı-qaralar" autsayder AZAL-ın qonağı olacaqlar. Hazırda 9 xala malik meydan sahibləri uduzsalar, özlərindən üst pillədəki "Kəpəz"dən 15 xal geri qalacaqlar. Bu isə Tərlan Əhmədovun baş məşqçi olduğu komandanın Premyer Liqadan I Diviziona faktiki enməsi anlamına gələcək. "Qəbələ"yə isə xal itkisi çempionluq yolunda böyük zərbə olacaq. Ötən tur liderliyi əldən verən Roman Qriqorçukun baş məşqçi olduğu komanda 46 xalla ikinci pillədədir.
Bu görüşdən sonra lider "Qarabağ" "Zirə"nin qonağı olacaq. "Qəbələ" xal itirsə, hazırda 48 xala malik "Qarabağ" səfərdə qələbə qazanmaqla ən yaxın izləyicisi ilə fərqi 5-ə çatdıracaq. İki komandanın əvvəlki qarşılaşmalarında "Zirə" heç vaxt qələbə qazana bilməyib. Amma turun ilk oyun günündə "Neftçi"nin "İnter"i yenərək, 26 xalla 5-ci pilləyə yüksəlməsindən sonra 29 xala malik "qartallar" 4-cü pilləni əldən vermə təhlükəsi ilə üzləşib. Buna görə də Ayxan Abbasovun baş məşqçi olduğu komanda liderlə görüşdə xal qazanmağa çalışacaq.
Azərbaycan Premyer Liqası, XXIII tur
19 mart (bazar)
15:30. AZAL – "Qəbələ” 11
Qol:Tellur Mütəllimov, 52 (0:1), Nuqzar Kvirtiya, 89 (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
"AZAL Arena”, 15:30
18:30. "Zirə” – "Qarabağ”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu