Azərbaycan Premyer Liqasında 20-ci turun son matçında "Qarabağ" doğma meydanda "İnter"i qəbul edib.
Newsport.az -ın məlumatına görə, qarşılaşma qonaqların 1 - 0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.
- Öncə, cəbhədə həlak olmuş hərbiçilərlə bağlı Azərbaycan xalqına baş sağlığı veririəm.
- Oyuna gəldikdə komandamdan razı qaldım. Yaxşı hücumlar qurduq, müdafiədə səhvsiz oynadıq. Bizim üçün çətin oyun oldu. Qarşıda daha bir çətin oyun bizi gözləyir. 3 xal bizim üçün çox vacib idi. Sevinirəm ki, qələbə qazandıq.
- Bir neçə gün öncə mətbuatda “İnter” futbolçularının maaş almayacağı təqdirdə “Qarabağ”la matça çıxmayacağı deyilirdi. Amma oyuna çıxdız və qələbə qazandız. Bu söhbətlər həqiqətə uyğundu?
- Xeyr. Heç nə olmamışdı. Belə şeylər bizə ziyandı. Martın 10-u maaş veriləcək. Bizdə heç bir problem yoxdu.
- “Qarabağ”a qalib gəlməyin resseptini verə bilərsiz?
- Bu sirri özümüz üçün saxlasaq, yaxşı olar (gülür).
- Adrian Skarlatake demişdi ki, “Qəbələ” ilə oyunadək maaşlar veriləcək. Siz isə indi dediz ki, məvaciblər martın 10-u olacaq. Bu problem yaratmayacaq?
- Birinci bizə demişdilər ayın 28-nə kimi veriləcək, amma olmadı. Sonra dedilər ki, oyunadək. Amma maaşlar dəqiq veriləcək. Mən buna əminəm.