"Xeyli sayda futbolçumuz oyuna hazır deyil" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Newsport.az saytına müsahibəsi:

- Komandanız Premyer Liqanın XX turunda “İnter”lə qarşılaşacaq. Hazırda kollektivdə vəziyyət necədir?

- Problemlərimiz var. Xeyli sayda futbolçumuz oyuna hazır deyil. “İnter”ə qarşı oynamaq həmişə çətin və maraqlı olub. “İnter” fərqli sistemdə oynayan rəqibdir. Çalışırıq ki, düzgün oyun quraq və meydandan maksimum nəticə ilə ayrılaq.

- Yəqin ki, əvvəlki oyunlardakı çatışmazlıqları özünüz bilirsiniz. “Qarabağ” “İnter”lə oyunda 3 xal qazanmaq üçün nə etməlidir?

- Futbol elə bir oyundu ki, qalib gələndə də çatışmayan cəhətlərimiz olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən alınmır. Amma aydan-aya, ildən-ilə komanda istər-istəməz öz oyun üslubunda dəyişiklik edir. Biz bu gün əvvəlki oyunlardakı səhvlərimizi düşünsək, “İnter” bizə qarşı fərqli oyun göstərəcək. Çempionatın sonuna qədər bir neçə oyunumuz var və biz köhnə oyunlarımızı yox, bu ilin əvvəlindən bu yana keçirdiyimiz oyunları daha çox analiz edirik.

- Qurban bəy, Vüqar Nadirovla bağlı sualım var.  O, əvəzedici komandada çox uğurlu çıxış edir. Vüqarın əsas komandaya qayıtmaq variantı varı?

- Vüqar əsas komandadadır. Sadəcə formasını bərpa etmək üçün əvəzedicilərin heyətinə oyunlara çıxır. Son vaxtlar göstərdiyi oyunlar da pis deyil.

- Nadirovu qarşıdakı oyunlarda heyətdə görə biləcəyikmi?

- Bu cür davam etsə, formasını daha da yaxşılaşdırsa, əlbəttə ki, əsas komandanın heyətində oyunlara çıxacaq.

- Bəs, Arif Daşdəmirovun durumu necədir?

- Yox, Arif komanda ilədi, sağlamdı və heç bir problemi yoxdur. Sadəcə, müdafiə xəttində bəzi səbəblərə görə dəyişikliklər etdik. Düşünürəm ki, etdiyimiz dəyişiklik uğurlu alındı. Hərə öz üzərinə düşdüyü vəzifəni yerinə yetirə bildi. Və Arif bizim əsas oyunçularımızdan biridir. Sabah və ya başqa oyunlarda onu meydanlarda görə bilərsiniz.

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Rəşad sağalıb və bu gündən komanda ilə birgə olacaq. Neçə gündü həkim nəzarəti altında məşqlər edirdi. Fiziki durumunu yaxşılaşdırıb. Durumu yaxşılığa doğru gedir.

- Əməliyyat olunan Dani Kintana ilə əlaqə saxlamısınız?

- Kintana ilə daima həkimlər əlaqə saxlayırlar. Hər şey qaydasında gedir. Müalicəsi düzgün qaydada gedir. Kintana 4-5 ay bizdən uzaq olacaq.

- Komanda “Qəbələ”yə məğlubiyyətin psixoloji gərginliyini üzərindən ata billibmi?

- Futbolçularımız peşəkardı. Əgər hər məğlubiyyətdən sonra psixoloji problemimiz olacaqsa, bu oyunu oynamağa dəymir. Çünki biz futbolçularımızla danışırıq, söhbət edirik. Uduzmağı da bacarmalıyıq. Məğlub olmuşuqsa, həmin məğlubiyyətin əvəzini növbəti oyunlarda çıxmalıyıq. Sadəcə, həmin oyundakı səhvlərimizi araşdırmalıyıq və bunu aradan qaldırmalıyıq. Hələ çempionatın ortalarıdır, bəlkə də bizi qarşıda növbəti məğlubiyyətlər gözləyir. Hazır olmalıyıq.

- Əvvəlki iki oyundan məğlubiyyət və heç-heçə ilə ayrılmısınız. Bu dəfə nə etməlisiniz ki, çatışmazlıqları aradan qaldıraraq, qalib gələsiniz?

- Futbol elə oyundur ki, qalib gəldikdə belə çatışmayan cəhətlər olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən alınmır. Amma aydan-aya, ildən-ilə komanda öz oyun üslubunda dəyişiklik edir. Biz əvvəlki oyunlardakı çatışmazqlıqları düşünsək, "İnter" yeni oyun üslubu ortaya qoya bilər. Biz də məhz buna hazır olmalıyıq. Bir neçə variantımız var. Rəqibin qış fasiləsindən sonrakı oyunlarını analiz etmişik. Qalib gəlmək üçün oyun üslubumuzda çatışmayan cəhətləri yoluna qoymalıyıq. Sürəti artırmalı, düşünülməmiş kombinasiyaların sayını artırmalıyıq. Komanda müdafiədə olanda sürəti istər-istəməz artırmaq olmur. Amma hər halda bunun öhdəsindən gəlməli və qalib gəlmək üçün xeyli güc sərf etməliyik. 

- Sizcə, çempionluğun taleyini nə həll edəcək: "Qəbələ"nin daha istəkli, yoxsa "Qarabağ"ın daha təcrübəli olması?

- Belə suallar daim verilir. Düşünmürəm ki, "Qəbələ"dən istəksizik. Eləcə də digər komadalar istəksizdirlər. Hamı qalib gəlmək istəyir. Bizim istəyimiz heç kimdən heç də az deyil. Bütün komandalar bunu etmək istəyir. Biz yenidən birinci pilləyə yüksəlməyə çalışacağıq. Alınmasa, o zaman bu barədə fikir bildirəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right