Azərbaycan Premyer Liqasının XIX turunda “Sumqayıt” öz meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:
“Çətin oyun oldu. “Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım”.
- İlk hissənin sonunda hakimə etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?
Rəhimə öz etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim. Rəhim də dedi ki, “etirazını oyundan sonra bildir” və məni texniki zonadan uzaqlaşdırdı.
- “Sumqayıt”da yarımmüdafiə xətti yoxdu. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici komadaya göndərilmək vaxtı çatıb?
- Bəli, razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var. Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb.