Rəşad Sadıqov: "Mən belə bir şeydə iştirak etmişəmsə, Allah bəlamı versin"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "3-cü hissə" verilişinin qonağı olub. 

Newsport.az-ın məlumatına görə, təcrübəli müdafiəçi son zamanlarda geniş müzakirəyə səbəb olan məsələrdən danışıb.

O, "Zirə"nin "Qarabağ"a güzəşt etməsi ilə bağlı səsləndirilən iddialara cavab verib.

Sadıqov olduqca maraqlı açıqlamaları ilə yadda qalıb:

"Zirə"nin sabiq prezidenti Vüqar Astanovla birlikdə uşaqlıqda futbol oynamışıq. Komandanın sahiblərindən Orxan bəylə də uzun müddət münasibətimiz var. O da qardaşımdan irəli gələn münasibətdi. "Zirə"yə yaxınlığım keçən il daha çox idi. Orxan bəy komandanın yalnız oyunlarına gəlir. İşə peşəkar yanaşmağı sevir. Keçən il daha sıx-sıx görüşürdük. Daha çox idarəçiliklə bağlı məsələrdən danışırdıq. Başqa bizim klubun onlarla heç bir bağlılığı yoxdu. "Zirə"nin büdcəsini bilirəm. Hardasa bir az da olsa, 2 milyon manatı keçir. Futbolçuların keyfiyyətindən bunları təxmin etmək elə də çətin deyil. Bu pulu da verən şəxslər var. Pulu verən "Qarabağ" deyil. "Zirə"nin "Qarabağ"a xal verməsi absurd fikirdi. Bu, şəxsən mənim üçün böyük təhqirdi. "Zirə"nin nə marağı var ki, "Qarabağ"a xal versin? Mənim münasibətim varsa, bu, öz yerində. Bizim sponsor bir olsaydı, deyərdim ki, hə. Bizim sponsorlar heç tanış da deyil. Biz keçən ildən bəri 7 oyun oynamışıq, 6 qələbə qazanmışıq, birində də heç-heçə oynamışıq. Eyni statistika "Kəpəz"lə oyunlarımıza da aiddi. Yeri gəlsə, "Kəpəz" "Qəbələ"dən daha çox xal alıb, nəinki "Zirə". Onda belə çıxır ki, "Kəpəz" bizə xal verir? Ad çəkmək istəmirəm. Bəzi klub rəhbərlərinin bir- biriləri ilə münasibətləri var. Onda belə çıxır ki, kimsə kiməsə xal verir? Məndən də yaxın münasibətləri var. İndi biz durub hamısın danışaq? Bizim ağzımızdan belə bir söz eşitmisiz? Vallah, deməmişik. Bizim özümüzün də "Qəbələ" ilə münasibətlərimiz 13-cü tura qədər yaxşı olub. 1 ildə 4 dəfə udmuşuq. O deməkdi ki, kimsə kiməsə kömək edir? Diqqətlə "Zirə"nin "Kəpəz"ə qarşı oyununu analiz edin. 10 nəfər doluşmuşdular "ştrafnoy"un içinə, mərkəzi keçə bilmirdilər. Niyə "Zirə" "Qarabağ"ı udmalıdı, başa düşmürəm. Halbuki, "Qəbələ" "Zirə" ilə oyunda birinci hissədə hər şeyi həll etməli idi. Rəqib "Qəbələ"yə qarşı heç nə ilə yadda qalmadı. İki standart vəziyyətdən qol vurdular. Başqa qol imkanları da olmadı. "Qarabağ"a qarşı hansı əzmkarlıqla yadda qaldılar? Keçən il "Zirə" medallar uğrunda mübarizə aparırdı. Amma biz rəqibi bizə xal lazım olmaya-olmaya səfərdə məğlub etdik. Onda "Zirə" "Kəpəz"ə 90+da qol vurmsaydı, bəlkə də medalçılar sırasında düşməyəcəkdi. Bir dəfə də "Zirə" bizə qarşı narazılıq edərdi ki, borcunuzu qaytarın. Məni futbol ictimaiyyəti çox gözəl tanıyır. Bəddua etməyi sevən insan deyiləm. Dinimiz bunu sevmir. Əgər "Qarabağ"la "Zirə" bir-birinə oyun veribsə, güzəşt edibsə, Allah o insanların bəlasını versin. Siz mənim nə qədər şəffaf olduğumu biləcəksiz. Digər insanların danışdıqları fikirlər mənə zərrə qədər də maraqlı deyil. Mən illərdi bu şeyləri görə-görə gəlirəm. Mən belə bir şeydə iştirak etmişəmsə, Allaah bəlamı versin.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right