“Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Biz də bunun üçün meydana çıxmışdıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Qarabağ”a uduzduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis komandasının öz səhvlərindən uduzduğunu bildirib: “Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq. Bizim iki problemimiz vardı. Qol vurmaq və müdafiədə inamlı oynamaq. Topu özümüzdə çox saxlayırıq, oyuna nəzarət edirik, amma heç nədən qollar buraxırıq. Qol vəziyyətlərindən də yararlana bilmirik. Amma indi baxıram ki, qol vurmaq problemini yavaş-yavaş həll edirik. Müdafiədə isə səhvlərimiz hələ də qalmaqdadır. Bunu aradan qaldıra bilsək, komandamız daha yaşı çıxış edəcək.
Düzünü deyim ki, ard-arda 3 qol buraxmağımızı ağlıma gətirməmişdim. Hesab bizim bütün planlarımızı pozdu. Rəşad Sadiqovu ona görə meydan buraxmamışdım ki, daha əvvəl zədələnmişdi. Hələ tam sağalmamışdı”.