Azərbaycan Premyer Liqasının XV turunda baş tutan "Qarabağ" - "Neftçi" matçında qalib müəyyənləşməyib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra “Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu əməkdaşımızın suallarını cavablandırıb:
-Bu gün iki xal itirdiniz, yoxsa bir xal qazandınız?
- Deyə bilərəm ki, biz iki xal itirdik. Çünki öz meydanımızda oynayırdıq. “Neftçi” - “Qarabağ” matçı Azərbaycan üçün derbi sayılacaq, əhəmiyyətli bir oyundur. Artıq qarşıdan gələn matçları düşünməliyik.
- Bu mövsüm uğursuz çıxış edən “Neftçi” komandasından belə oyun gözləyirdin?
- Fikrimcə, “Neftçi” hər zaman yaxşı komanda olub. Komandaya yeni futbolçular cəlb ediblər, yaxşı motivasiya ilə matça çıxmışdılar. Düşünürəm ki, artıq onların hədəfi daha yaxşı oyunlar oynayıb, turnir cədvəlinin daha yuxarı pillələrinə adlamaqdır.
- Komandanın yeganə qolunu penaltidən vurdun. Penalti qərarına qarşı bir sıra etirazlar oldu. Səncə, hakimin qərarı doğru idi?
- Bu, mənim yox, hakimin işidir. Mənim işim futbol oynamaqdır.
- Ötən mövsüm “İnter”lə matçda “Qarabağ” penalti qazandı, lakin Qurban Qurbanovun tapşırığı ilə top kənara vuruldu. Yenə belə bir qərar olsaydı, necə qarşılayardı bu qərarı?
- Keçən il baş verən hadisə, elə keçən ildə də qalıb. Siz mənə olmamış bir hadisə haqqında sual verirsiniz və baş verməmiş bir hadisə haqqında danışmıram.
- Reynaldonun gedişindən sonra hücum bölgəsində əsas yük sənin üzərinə düşür, hazırsan bu yükü çəkməyə?
- “Qarabağ” böyük komandadır və daima bura yeni futbolçular gəlir. Komandaya cəlb edilən futbolçularda da yaxşı keyfiyyətlər axtarılır. Yəqin ki, məndə bu keyfiyyətləri görüblər deyə, bura çağırıblar və bu etimadı doğrultmağa çalışıram.