Bu gün gördüyüm şəkil kiçik bir araşdırma aparmağıma səbəb oldu. Foto müəllifi Səbuhi Səfiyarlı və Elçin Rüstəmovun olduğu “Neftçi-70, unudulmayan keçmiş” kitabından götürülüb.
1988-ci il, 16 mart. O vaxtkı Leninqrad, indiki Sankt-Peterburq. SSRİ çempionatının 2-ci turunda “Zenit” Lenin adına İdman-Konsert Kompleksində “Neftçi”ni qəbul edir. 25 min tamaşaçı tutumuna malik arenaya ( o vaxt soyuq hava səbəbindən bir çox oyunlar qapalı manejlərdə keçirilərdi) 15 min azarkeş gəlib. Mixail Stuparın idarə etdiyi matçda meydan sahibləri “Neftçi”ni 2:0 hesabı ilə məğlub edir. “Zenit”in heyətində hər iki qolu 80-ci illərin Sankt-Peterburq futbolunun ən yaxşı hücumçularından biri Sergey Dmitrev vurur.
Həmin il “Neftçi”nin SSRİ çempionatının güclülər dəstəsində son mövsümü olur. 15-ci yeri tutan Azərbaycan komandası “Kayrat”la birgə sovet futbolunun elitasını tərk edir.
“Zenit”lə səfər matçında ilk dəqiqələrdən meydana çıxan futbolçularımız:
Soldan-sağa:
Yunis Hüseynov - Həmin vaxt 23 yaşı vardı. İndi işsiz qalan məşhur “7 nömrə” ara-sıra mətbuata ekspert kimi açıqlamalar verir. Özü hər nə qədər buna həvəsli olmasa da.
Nazim Süleymanov – “Sulya”nın “Neftçi”dəki son dövrləri. Onun da Hüseynov kimi həmin vaxt 23 yaşı vardı. Bu yaxınlarda 19 yaşlılardan ibarət milli komandamızın baş məşqçi postundan istefaya göndərilən Süleymanov işsizdir.
Rasim Abuşov – Həmin oyunda 25 yaşı olan müdafiəçinin video görüntüsünü bu yaxınlarda “26-cı dəqiqə” filminin təqdimatında izlədik. Uzun illər Stavropolda yaşamasına baxmayaraq, hələ də həmin qarabala”dır. Abuşov Stavropolda uşaq futbolunda məşqçi kimi fəaliyyət göstərir.
İqor Ponomaryov – “Mister penalti”nin Olimpiya çempionu olmağına hələ 6 ay qalırdı. Həmin vaxt 28 yaşı olan Ponomaryov “Neftçi”nin ən təcrübəli futbolçularından sayılırdı. İqor Anatolyeviç hazırda İsveçdə yaşayır.
Valeri Pançik – Pançik Bakı klubunda cəmi 3 il keçirməsinə baxmayaraq, “Neftçi”nin ən yaxşı müdafiəçilərindən olub. 1988-ci ildə 25 yaşı olan futbolçu bir il sonra “Neftçi”ni məhz “Zenit”ə dəyişmişdi. Pançik karyerasını 38 yaşında, 2001-ci ildə Rusiya çempionatının aşağı liqasında çıxış edən “Berezniki” klubunda başa vurub. O vaxtdan “Neftçi”nin sabiq futbolçusundan bir xəbər-ətər yoxdur.
Andrey Fedorovski – O dövrdə dağıstanlı legionerlər dəbdə olmasa da, maraqlıdır ki, müdafiəçi məhz azərbaycanlıların kompakt yaşadığı Dərbənddə anadan olub. “Zenit”lə matçda Fedorovskinin 25 yaşı tamam olmamışdı. 1989-cu ildə Volqoqrada köçən futbolçu bu şəhərdə uşaq məşqçisi işləyir.
Əsgər Abdullayev – Həmin vaxt 28 yaşı var idi. 80-ci illərin sonunda “Neftçi”nin müdafiə xəttini onsuz təsəvvür etmək olmazdı. Abdullayev sehirli qəhvəyi rəngli gödəkçəsi ilə “Turan Tovuz”u Premyer Liqaya çıxarmağa çalışır.
Vidadi Rzayev – Kazbek Tuayevin təbirincə desək, Azərbaycan futbolunun ən istedadlı yarımmüdafiəçilərindən biri. 1988-də 21 yaşı var idi. Vidoş hazırda “Kəpəz”in U-19 komandasının baş məşqçisidir.
Vəli Qasımov – 1987-ci ildə “Neftçi”nin heyətinə cəlb olunan hücumçunun həmin vaxt 20 yaşı var idi. Qasımov Bakı klubu I dəstəyə düşdükdən sonra komandanın ən yaxşı bombardirlərindən birinə çevirildi. O vaxt olduğu kimi Qasımov 2016-da da “Neftçi”nin xilaskarına çevirilə bilmədi. Baş məşqçi postundan istefaya göndərilən Vəli müəlim hələ ki işsizdir.
Mixayl Mixaylov – 1988-ci ildə Aleksandr Jidkovla dəyişdirilmişdi. Saşa Ukrayna paytaxtına yollandı, Viktor Çanovun əvəzedici isə Bakıya gəldi. O vaxt 29 yaşı olan qolkiper “Neftçi”də yalnız bir mövsüm keçirdi. Mixaylov Kiyev “Dinamo”sunun qapıçılarla işləyən məşqçisidir.
Maşallah Əhmədov – 29 yaşlı hücumçu komandanı “Zenit”lə oyuna kapitan kimi çıxarmışdı. Dələduzluqda təqsirləndirilən Əhmədovun xeyli vaxtdır ki, məhkəməsi davam edir. Səhhətində problem yaranan veteran futbolçunun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
ELNUR MƏMMƏDLİ. Futbol11.az