Bu gün komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən 2016-cı il üçün Azərbaycanın ən yaxşı məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin çalışdırıcısı tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Təəsüratlarım çox gözəldi. Məni ən yaxşı baş məşqçi seçdiyinizə görə hər birinizə təşəkkür edirəm. Bu ada layiq görülmək hər bir məşqçinin arzusudu. Çox sağ olun.
- İlin məşqçisi seçiləcəyinizi gözləyirdiniz? Nəzərə alaq ki, bu il həm milli komandamızın baş məşqçisi Rober t Prosineçki, həm də “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yaxşı nəticələr göstərib...
- Açığı, sürpriz oldu. Mən ilk pillədə millimizin baş məşqçisi Robert Prosineçkini görürdüm. Robert Prosineçki burda olsaydı, onun seçilməsinin tərəfdarı olardım.
- Qurban müəllim, öncəki açıqlamalarınızda bildirirdiniz ki, aldığı hər bir məğlubiyyətdən nəsə öyrənirəm. Qurban Qurbanov qrupda qalmaqdan, alınan məğlubiyyətlərdən bu dəfə nə öyrənib?
- Çox şey öyrənmişəm. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəyəm.
- Sizin məşqçi olaraq bir neçə dəfə kövrəldiyinizi görmüşük. Bizim görmədiyimiz elə bir an olubmu ki, Qurban Qurbanov sevincindən kövrəlsin...
- Çox olub həqiqətən.
- Mövsüm ərzində məğlub olduğunuz hansı oyuna görə təəssüflənmisiniz?
- Belə oyunlar çox olub. Belə oyunların axarını dəyişmək istəsək də, gec olub. Dediyim kimi, hər bir məğlubiyyətdən nəsə öyrənirik. Düşünürəm ki, belə səhvlərin sayı azalıb.
- Qrupdan çıxa bilmədiyiniz üçün rəhbərlik sizə hər-hansı irad bildirmədi?
- Yox. Rəhbərlikdən daim ünsiyyətdə oluruq. Onlar hər şeyi başa düşürlər.Həmişə söhbət zamanı komandanın növbəti ildə daha güclü olması, uğur qazanması barədə fikir mübadiləsi aparmışıq, bunun yollarını müzakirə etmişik.
- Bilirik ki, komandada ayrı-seçkilik etmirsiz. Ancaq bu suala aydınlıq gətirməyinizi istəyərdik. Sizin üçün “Qarabağ”da ilin ən yaxşı futbolçusu kimdi?
- Deyə bilmərəm ki, komandamızın ən yaxşısı kimdi. Amma ümumi keçdiyi yolları nəzərə alsaq, Rəşad Sadıqova səs verərdim. Çünki Rəşad bu il həm “Qarabağ” üçün, həm də milli üçün böyük fədakarlıq göstərdi.