PFL tərəfindən I divizionda sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilən "Şəmkir”in kapitanı Qeyrət Qənbərov VIII tur çərçivəsində baş tutan "Şəmkir” – MOİK oyunundan sonra açıqlama verib.
Newsport.az-ın Şəmkirə ezam olunmuş əməkdaşının məlumatına görə,o, belə bir layihəni təşkil etdiyinə görə PFL-ə və jurnalistlərə təşəkkür edib:
- Hamınıza təşəkkür edirəm ki, belə layihədə iştirak edirsiz. Bu layihəni təşkil etdiyi üçün PFL-ə minnətdaram. Sizin burda olmağınız bizim üçün çox xoşdur. Adətən birinci divizion kölgədə qalır. Amma belə layihələrlə bir az da olsa, tanınır. Sevinirəm ki, mənim qolum birinci oldu. Mənə səs verənlərə təşəkkürümü bildirirəm.
- Qalib olacağını gözləyirdin?
- Gözləyirdim. Qolum həqiqətən gözəl qol idi. Seçim imkanım olsaydı, elə öz qolumu seçərdim (gülür).
- Bu 500 manata komanda yoldaşlarına qonaqlıq verəcəksən?
- Belə bir fikrim var. Oturub bunu bir yerdə qeyd edərik.
- Daha öncə bundan da baxımlı qolların olub?
- Bəli, çox olub. Sadəcə, layihə keçirilməyən vaxta təsadüf etdiyindən gözə görünməyib
. - Premyer Liqa klublarından səninlə maraqlanan olub?
- Yox. Belə təklif olsa, müsbət dəyərləndirərəm. Karyeramda irəli getmək, Premyer Liqada oynamaq istəyirəm.
- 22 yaşda təcrübəli futbolçulara kapitanlıq etmək necə hissdir?
- Əlbəttə, bu, mənim üçün çətindir. Üzərimdə böyük yük, məsuliyyət var. Kapitan kimi əlimdən gələni edirəm. Kapitansa komandanı belində daşımalısan. Mən də əlimdən gələni edirəm və bunu bacarıram da.
- 1-ci diviziondan Premyer Liqa necə görünür?
- Düzdür, 2 çempionat arasında fərq var. Bizim yarışa elə də maraq göstərmirlər. Amma burda da yaxşı futbolçular, yaxşı komandalar var. “Şəmkir” də buna misaldı. Yaxşı prezidentimiz, məşqçilərimiz və futbolçularımız var. Çempion olaraq Premyer Liqaya vəsiqə qazanmağa çalışacağıq.
- Sənə özünü daha yaxşı göstərmək üçün necə şərait yaradılmalıdı?
- 1-ci divizion klubu olsaq da, Premyer Liqa səviyyəsində şəraitimiz var. Heç bir şeyə ehtiyacımız yoxdur. Tələb olunan hər şey var.