Beləliklə, Premyer Liqada daha bir maraqlı turu geridə qoyduq. Əslində 9-cu tur sakit start götürmüşdü. Düşünmək olardı ki, sonadək belə davam edəcək. Ancaq turun son oyunlarında maraqlı hadisələr yaşandı. 9-cu turu sülhpərvər tur saya bilərik. Çünki 4 oyunun 3-də heç-heçə qeydə alındı. Yalnız son görüşdə çempion meydandan qələbəylə ayrıldı. Ümumilikdə qapılara 8 top vuruldu ki, bu da orta hesabla hər oyuna 2 qol deməkdir.
Yubileylərlə yadda qalan oyun
.jpg)
Gəncədəki görüş 2 futbolçu üçün xüsusən böyük əhəmiyyət kəsb edirdi. “Kəpəz”in kapitanı Tural Axundov və “İnter”in müdafiəçisi Denis Silva çempionatımızda 200-cü oyuna çıxdı. Yubileyin təsirindən, ya nədəndisə, hər iki futbolçu müdafiənin keşiyindən layiqincə qala bildi. Ancaq qarşılaşmada hesabın açılmamasının əsas səbəbkarları qapıçılar oldu. Həm Tadas Simaitis, həm də Səlahət Ağayev səhvsiz oynadı. “Kəpəz” meydana ciddi itkiylə çıxmışdı. Dario Federiko zədələndiyi üçün gəncəlilərə kömək edə bilmirdi. Şahin Diniyevin oyunçu sarıdan kasadlıq çəkdiyi hiss olunurdu. Belə ki, ilk hissədə onun yetirmələri daha yaxşı futbol sərgiləsə də, fasilədən sonra “oturdular”. Fiziki hazırlıq sarıdan rəqibindən geri qalan “Kəpəz” daha çox müdafiə olunmaqla vaxtı ötüşdürürdü. Diniyev isə meydana buraxmağa normal futbolçu tapmırdı ki, qələbəyə aparan gedişləri tapsın. Nicat Qurbanovla Tural Rzayevin son dəqiqələrdə meydana çıxmasını axırıncı çarə kimi də dəyərləndirmək olardı. Bu baxımdan onun həmkarının seçim şansı daha çox idi. İlk hissədən sonra Rauf Əliyevi Pərdis Fərcad-Azadla əvəzləyən Zaur Svanadze hücum xəttini “diriltdi”. Son dəqiqələrdə zədədən nəhayət ki, qurtularaq sıraya dönən Adrian Skarlatake meydana çıxdıqdan sonra taktiki düzülüşdə müəyyən dəyişikliklər diqqəti çəkdi. Ancaq atılan addımlar gürcü mütəxəssisin üzünü ağır Gəncə səfərində güldürmədi. Hər halda, “Qarabağ”ın da Nizami yurdundan Bakıya qələbəsiz qayıtdığını nəzərə alsaq, “İnter” 1 xalla təsəlli tapa bilər.
Tərlan Əhmədovun həlledici müdaxiləsi

Bu mövsüm doğma meydan amilindən faydalana bilməyən AZAL qeyri-sabit çıxış edən “Zirə”ni qəbul etdi. Paytaxt derbisində qalib müəyyənləşmədi. Bu, “təyyarəçilər”in ölkə çempionatında 100-cü heç-heçə kimi tarixə düşdü. Paytaxt derbisinin ilk hissəsində Adil Şükürovun komandası daha yaxşı təsir bağışladı. Ardıcıl hücumlar fonunda meydan sahibləri təzyiqə tab gətirmədi. Ruslan Nəsirli heç bir ehtiyac olmadan cərimə meydançası daxilində əllə oynadı. Fasilədən sonra AZAL irəli atıldı. Yovan Krnetanın yoxluğunda “Zirə”nin müdafiə xətti pərakəndə təsir bağışlayırdı. 62-ci dəqiqədə Tərlan Əhmədovun David Canelidzeni Adan Koronadonun yerinə meydana buraxması həlledici oldu. Belə ki, sünii qazona ayaq basdıqdan 2 dəqiqə sonra gürcü hücumçu rəqib torunu silkələdi. Zirəlilər bundan sonra ayıldı. Ancaq cinah asmalarından bir nəticə çıxmadı. Nə Sezar Meza Kolli, nə də Nurlan Novruzov komandasına qələbə götürən qolu vura bilmədi. Ümumiyyətlə, 2 mövsüm əvvəl “Bakı”nın heyətində çempionatın bombardiri olan Novruzovun qolçuluq bacarığından əsər-əlamət qalmayıb. Beləliklə, tərəflər hərəyə 1 xalla kifayətləndi. AZAL hələ də çempionatda qələbə qazanmayan yeganə komandadır.
Turun ən diqqətçəkən və maraqlı qarşılaşmaları oktyabrın 25-də keçirildi.

Əvvəlcə Sumqayıtdakı oyundan bəhs edək. 9-cu turun ən məhsuldar matçında maraqlı detallar diqqətimizi çəkdi. Maraqlıdı ki, bütün qollar ikinci hissəyə təsadüf etdi. Son vaxtlar səhvləriylə daha çox diqqət mərkəzinə düşən Rafael Santos yenidən start heyətində qayıtmışdı. Belədə Vitali Vernidub yenə dayaq yarımmüdafiəçisi kimi oynayırdı. Baqali Dabo, Rəşad Sadiqov, Nika Kvekveskiri, Sergey Zenyov, Elvin Camalovla yanaşı, Teo Uiksin də xidmətindən yararlana bilməyən Roman Qriqorçuk məcburiyyətdən daha çox ehtiyatda saxladığı Rəşad Eyubovla Tellur Mütəllimovu ilk “11-liy”ə salınmışdı. Fasilədən sonra Yusif Nəbiyev mübarizəni açıq elan elədi. Gənc sol cinah müdafiəçisi son turlarda məhsuldarlığıyla çıxış edir ki, Roman Prosineçki bu futbolçunu diqqət mərkəzində saxlaya bilər. Qol “oruc”unu pozan Rəşad Eyubov “status-kvo”nu bərpa etdi. Bir qədər sonra Filip Ozobiç səhnəyə çıxaraq qonaqları hesabda önə çıxardı.
Cavid Hüseynov 1 il, 3 aylıq fasilədən sonra meydana ayaq basdı

83-cü dəqiqədə Cavid Hüseynov 1 il, 3 aylıq fasilədən sonra meydana ayaq basdı. Amma onun qayıdışı komandası üçün uğurlu olmadı. Cari mövsüm Qriqorçukun şans vermədiyi Sadiq Quliyev bu dəqiqədə 61-ci dəqiqədən etibarən forma geyirdi. Ancaq o özünüsübut şansını əldən verdi. Oyuna əlavə olunmuş vaxtda rəqibin zərbəsini əllə dəf etdiyi üçün penalti təyin edildi. Amil Yunanov “Sumqayıt”ı məğlubiyyətdən xilas etdi. Maraqlıdı ki, ukraynalı mütəxəssisi məhz “Qəbələ” Futbol Akademiyasının yetirmələri yıxdı. Quliyev əllə oynamaqla komandasına zərbə vurdu. Yunanovla Nəbiyev də məhz “Qəbələ”nin yetirmələridi. Bu heç-heçə “qırmızı-qaralar”a çempionun nəfəsini hiss etdirdi. İndi arada cəmi 2 xallıq fərq var. Əgər buna fərq demək olarsa...
Oyunu kölgədə qoyan olay
.jpg)
“Neftçi” və “Qarabağ”ın oyunları hər zaman böyük maraqla gözlənilib. Bu görüşlər hər zaman prinsipial alınıb. Hər nə qədər futbolçular, məşqçilər dostluq mesajları versələr də. İlk növbədə ona görə ki, yalnız bu 2 klub çempionatın ilk mövsümündən indiyədək mübarizə aparır. Deməli, bu komandaların duelini Azərbaycanın “El Klasiko”su saya bilərik. Son 10-15 ildə bu klublar arasında prinsipiallıq bir az da artıb. Xüsusən “Neftçi”dən “Qarabağ”a bir neçə futbolçunun keçidi münasibətləri soyuqlaşdırıb. İndi artıq titul mənasında da ağdamlılar flaqmanın ən əsas rəqibidir. “Xəzər Lənkəran”ın yoxluğunda “ağ-qaralar”ın ən prinspial rəqibi “Qarabağ”dır. Reynaldo və Miçellə yanaşı, Rəşad Sadıqov da “Qarabağ”a kömək etmirdi. “Neftçi”də isə Araz Abdullayev xəstələndiyi üçün kənarda qalmışdı. Qurban Qurbanov Rəşadın yoxluğunda Maksim Medvedevi müdafiənin mərkəzində oynadırdı. Maraqlıdı ki, “Sumqayıt”la oyunun ən yaxşılarından olan İlqar Qurbanov bu dəfə matçı sonadək ehtiyat oyunçular skamyasından izlədi. Qara Qarayevin yerinə Coşqun Diniyevin meydana çıxması ənənəvi rotasiyaların göstəricisiydi. Ön xətdə isə PAOK-a qarşı oynayanlar yer almışdı. “Neftçi” də bir çox komandalarımız kimi “Qarabağ”a qarşı 5-li müdafiə xəttiylə meydana çıxmışdı. Futbol diliylə desək, buna 3-5-2 və ya 5-4-1 taktiki düzülüşünə üstünlük verən Elxan Abdullayev ilk növbədə müdafiənin qayğısına qalmağı vacib saymışdı. “Neftçi” üçün çempionla oyunda əldə ediləcək 1 xal da uğur sayılacaqdı. Əslində bu taktika işə yarayırdı. Elə Qurban Qurbanov da oyundan sonra bunu etiraf etdi. Sadəcə, ustalıq səviyyəsi sözünü dedi. Son vaxtlar tam formaya düşən Rahid Əmirquliyev müdafiəçilərə göz açmağa imkan vermədi. Belə ki, cərimə meydançası önündə Muarem Muaremdən topu qəbul edən yarımmüdafiəçi ləngimədən onu qapıya tuşladı. Uzaqdan güclü zərbələriylə seçilən sabiq “Xəzər Lənkəran”lı düz “9-luğ”u nişan aldı. Bu qola dəfələrlə baxmağa dəyərdi. Amma hesabın açılması “Neftçi”nin oyun intizamını pozmadı. Abdullayev əvvəlki taktikaya sadiq idi. Yəqin, Elxan bəy irəli atılsalar, komandasının “Qəbələ”ylə oyundakı aqibəti (0:8) yaşayacağından ehtiyatlanırdı. Bu səbəbdən ikinci hissədə də dominantlıq edən, top sahib olan “Qarabağ” idi. Ümumiyyətlə, “Neftçi” 90 dəqiqə boyunca ağdamlıları yalnız bir dəfə həyəcanlandıra bildi. Rəhman Hacıyevin zərbəsində cüzi dəqiqlik çatmadı. Son dəqiqələrdə “ağ-qaralar” arzuolunmaz vəziyyətə düşdü. Əvvəlcə Jayro növbəti dəfə avtoqol müəllifi olaraq çempionat tariximizin ən çox öz qapısına qol vuran legioneri ünvanını qazandı. Bu üzüntü azmış kimi, Katalin Tira meydana çıxmış azarkeşə heç bir ehtiyac olmadan zor tətbiq etdi. Yumruqlarını işə salan rumıniyalı hücumçu haqlı olaraq meydandan qovuldu. Bu isə bir daha onu göstərdi ki, “Neftçi”də nizam-intizamla bağlı çox ciddi problemlər var. Abdullayev ilk növbədə bu problemi həll etməlidi.Turun ən karlı klubu olan “Qarabağ” yenidən 2-ci pilləyə yüksəldi. Çempionluq mübarizəsi daha da qızışdı.
Hacı Mərdan
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"