Futbol üzrə Azərbaycan çempionatının 7-ci tura ötən gün yekun vuruldu.
Newsport.az-ın məlumatına görə, maraqlı nəticələrdən biri də Mingəçevirdə qeydə alındı.
Belə ki, "Şərurspor" yerli "Energetik"in müqavimətini qıra bilmədi və səfərdən 1:1 hesablı bərabərliklə ayrıldı. Sözsüz ki, bu nəticə şübhə yaratmaya bilməz. Elə bu səbəbdən qarşılaşma ətrafında araşdırma aparmağa başladıq. Məlum oldu ki, oyunun nəticəsi kənar qüvvələr tərəfindən dəyişdirilməyə cəhd göstərilib. Yenə "Şərurspor" rəhbərliyi oyun alqı-satqısında maraqlı olub.
Əldə etdiyimiz özəl məlumata görə, "Şərurspor" rəhbərliyi əvvəlcə ilk hissədə iki qolun, daha sonra isə öz komandalarının qələbəsinə pul qoyub. Ümumi məbləğ isə 80 min manatdı! Qonaqlar ilk hissənin 25-ci dəqiqəsində Coşqun Sulemyanovun qolu ilə hesabda önə keçiblər. Ancaq sonradan qonaq komandanın futbolçuları nə qədər etsələr də, klub rəhbərliyinin proqnozunu doğrulda bilməyiblər. "Energetik"ə qol vura bilməyən "Şərurspor" çıxış yolunu meydan sahiblərinin fərqlənməsində görüblər. Nəticədə "Şərurspor"un müdafiəçiləri matçın 45-ci dəqiqəsində mingəçevirlilərin futbolçusu Vahid Rostaminin qapıçı ilə üz-üzə qalmasına imkan yaradıblar. İranlı futbolçu isə hədiyyədən maksimum yararlanıb və hesabda tarazlıq yaradıb 1-1. Komandalar fasiləyə elə bu hesabla yollanıblar.
Maraqlı hadisələr isə ikinci 45 dəqiqədə baş verib. Belə ki, "Şərurspor" rəhbərliyinə oyuna qoyduqları 80 min manatlıq puldan xeyir götürmək üçün onlara komandalarının qələbəsi lazım olub. Ancaq qonaqlar heç cür "Energetik"in müqavimətini qıra bilməyib. İş burasındadı ki, ikinci hissənin gedişində meydan sahibləri 9 nəfərlə mübarizə aparıb. Oyunun baş hakimi Vahid Rostami və Ruslan Həmidova qırmızı vərəqə göstərib. Bundan sonra isə meydanın içində qonaq futbolçular "Nur şəhəri" təmsilçisinə 3 top buraxmalarını xahiş edib. Ancaq "Energetik" hakimin qərarına etiraz əlaməti olaraq danışığa getməyib və 9 nəfərlə sona qədər mübarizə aparıblar. Nəticədə oyun 1:1 hesabı ilə başa çatıb və "Şərurspor"un rəhbərliyi 80 min manat ziyana düşüb. Bizdə olan məlumata görə, klub rəhbərliyi pul qoyuluşunu Malaziyada həyata keçirib.
Maraq üçün onu da qeyd edək ki, Peşəkar Futbol Liqası tərəfindən oyunun icmalı ictimaiyyətə təqdim olunsa da, qırmızı vərəqələrin qeydə alındığı epizodla videoda öz əksini tapmayıb. Sözsüz ki, bu da ayrıca müzakirə mövzusudu. Bizdə olan məlumata görə, oyundan sonra soyunub-geyinmə otağında da aləm bir-birinə dəyib. Tərəflər arasında "Şərurspor"un qapıçısı Ramil Kərimovun iştirakı ilə dava da qeydə alınıb. Bütün bu məsələlərə görə, AFFA İntizam Komitəsinin hansı qərarı verəcəyi maraqla gözlənilir. Hər halda Azərbaycan çempionatında qeydə alınan birabırçılığı yazmaq bizim borcumuzdu. Məsələ haqqında daha ətraflı araşdırma isə aidiyyatı orqanlar öz üzərinə götürməlidi.
Qeyd edək ki, bir müddət əvvəl AFFA İcraiyyə Komitəsi "Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul etmişdi. Belə ki, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürməli idi. Görünür, daha əvvəl də oyun alqı-satqısında iştirak edən "Şərurspor" rəhbərliyinə bu Bəyannamənin heç bir dəxli yoxdu.
Futbol11.az