Əliyar Ağayev: "Çakır elə Çakırdı, Əliyar da Əliyar"

FİFA referimiz Əliyar Ağayev futbol11.az saytına müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

 - Əliyar, bu gün nə günüdü?

- 18 oktyabr bizim Müstəqillik Günümüzdü.
 
- Əliyar Ağayev üçün müstəqillik anlayışı nə deməkdi?
- Müstəqil olmaq idmançı kimi bizim üstünlüyümüzdü. Mən sırf hakimlik baxımından deyirəm. Sovet dönəmindən fərqli olaraq, müstəqillikdə şanslarımız daha çoxdu. İndi nəinki Avropada, hətta dünyada da sözümüzü deyə bilirik.
 
- Əliyar müstəqil insandırmı?
- Təbii.
 
- Bəs, meydanda necə?
- Meydanda qaydalar çərçivəsində tam müstəqiləm. Meydanda həyatdakından da müstəqiləm.
 
- Müstəqilliyini əlindən almaq istəyənlər olub?
- Xeyr. Heç vaxt belə şey olmayıb.
 
- Hakimlik etdiyin 11 ildə səni şirniklərindən olmayıb?
- Xeyr. Mənə elə gəlir ki, bugünkü nəsilin heç birinə belə təkliflər olmayıb. Mən belə düşünürəm. Özümə gəldikdə isə, yəqin biliblər, öyrəniblər, başa düşüblər ki, mən buna gedən deyiləm.
 
- Müstəqilliyinizi qorumaqda sizə kimlər yardımçı olur?
- Evdə atam, işdə də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bizə dəstək olur.
 
- Həyatda heç kim heç nədən sığortalanmayıb. Çıxılmaz vəziyyətdə qalsan, yenə kənar təklifləri qəbul etmərsən?
- Cavabım bir kəlmə olar! Dərhal imtina edərəm. Hesab edirəm ki, müzakirə uzanmaz.
 
-Yəni, sənə heç vaxt rüşvət təklif etməyiblət?
- Xeyr.
 
- I kursda oxuyurduq, bir də gördük ki, Əliyar Ağayev meydanda hakimlik edir. Bu, necə baş verdi?
- Mən birdən-birə deməzdim. Əvvəlcə yan hakim kimi başladım. Artıq iki il ərzində Azərbaycan Kubokunun finalında da Orxan Məmmədovla birgə baş hakim Vüsal Əliyevin briqadasında yer almışdıq. Mənim üçün köməkçi hakim olmaq çətin idi. Buna görə də, mövqeyimi dəyişdim, baş hakim olmağa qərar verdim. 
 
- Yadındadırsa, akademiyada Anar Salmanov fiziki hazırlıq üzrə məşqçiniz Namiq Quliyevlə birgə bizə hakimliklə bağlı dərs keçirdi. Ümmiyyətlə, dərslərə qulaq asa-asa Salmanov kimi Premyer Liqa səviyyəsinə qalxacağını düşünürdünmü?
- Biz həmin vaxt onların idarə etdiyi oyunları izləyirdik. Onadək sırf hakimliyə yox, futbola baxırdıq. Sadəcə, hakimlərin adları eşidirdik. Özümüz bu sahədə yeni olanda, onlar ən öndə gedənlərdən idi. İnsan nəyəsə nail olmaq üçün qarşısına məqsəd qoymalıdı. O vaxt bizim məqsədimiz ən azından Premyer Liqada debüt etmək idi. Bu məqsədə çatandan sonra isə insan qarşısına növbəti hədəfləri qoyur.
 
- Bu gün Anar Salmanovun yoxluğu, Əliyar Ağayevin yolunu açırmı?
- Bu suala cavab vermək çətindi. O, FİFA hakimi olanda, Salmanovla eyni kateqoriyaya sahib idim. Anar Salmanovun olub-olmamasının mənim karyerama heç bir təsiri yoxdu.
 
- Necə oldu ki, buynuz qulağı keçdi?
- Düşünür... Nə bilim, vallah. Hesab edirəm ki, bizə verilən oyunları normal səviyyədə idarə etdik.
 
- Təkcə bu?
- Vallah, mən öz payıma düşəni deyirəm. Digər tərəfini söyləyə bilmərəm. Fikrimcə, üzərimə düşən vəzifəni maksimum yerinə yetirdim. 
 
- Həm də xarakter rol oynadı...
- Bilirsiz necə? Xarakteri olmayan insan hakim ola bilməz. Bu, şəxsi fikrimdi. Bir hakimin formalaşmasında mütləq xarakter lazımdı. Bu keyfiyyət səndə olmasa, yüksək səviyyəyə çata bilmərsən.
 
- Hakimlərə qarşı təzyiqlər, tənqidlər, bəzən də tribunalardan təhqirlər olur. Belə anda hakim özünə necə hakim olur?
- Tənqid normaldı. Bu olmasa, birmənalı olaraq inkişaf da olmaz. Amma təhqir... Bu, təkcə bizdə deyil. Bütün dünyada belədi. Sadəcə, bunun formaları var. Amma bizdə bəzən həddini aşır. Belə olan halda hakim özünü güclə salxayır. Təbii ki, hakim özünə hakim olmalıdı. 90 dəqiqə oyuna nəzarəti sən edirsən. Hakimliyə başlayanda bunları nəzərə alıb bu sahəni seçirsən. 
 
- Düzdü, belə məsələdə hakim peşəkarlıq nümayiş etdirməlidi. Bəs, mentalitet? Mentalitetimiz buna imkan vermir axı. Məsələn, Ömər Paşayev "Bakılı" - "Zaqatala" matçında belə durumla üzləşib, onu təhqir edən klub prezidenti Misir Əbilovun oğluna cavab qaytardı...
- Təhqirlər bütün oyun ərzində olub, Ömər də buna dözməyib. Bir tərəfdən bu, başadüşüləndi. Amma peşəkarlığa sığmır. Mentalitet məsələsini də düzgün qeyd etdin. Bilirsən, çox çətindi. Cavab qaytarmaq da düz çıxmır. 
 
- Uşaq ikən sənə "Böyüyəndə nəçi olacaqsan" sualını verənlərə cavabın nə olurdu?
- Uşaqlıqdan futbolçu olmaq istəyirdim. Bununla yanaşı, dərslərimi də pis oxumamışam. Texniki yox, humanitar fənnlərə üstünlük verirdim, sevirdim. Hətta 6 ay 3-cü qrupa  hazırlaşmışam. Sadəcə, futbola görə dərslərə vaxt çatmadığından İdman Akademiyasına imtahan verib, həmin ildə də qəbul olmuşam. Amma həm xəstəlik, həm də zədə səbəbi ilə futbolçu olmağım alınmayıb. Daha sonra futbolun içində olmaq üçün hakimliyi seçmişəm.
 
- Əliyar Ağayev futbolçu olsaydı, indi hansı komandanın səviyyəsinə uyğun çıxış edərdi?
- Yəqin ki, ən azı birinci divizion komandalarının birində oynayardım.
 
- Bu, təvəzökarlıqdan irəli gəlir? Məsələn, vaxtında mənə imkan yaradılsaydı, ən azı indi Cavid Tağıyev səviyyəsində futbolçu olardım...
- Hər bir futbolçunun müəyyən pik nöqtəsi var. Bəlkə də üzərimdə işləsəydim, daha yaxşısına nail olardım. Yəni, Avropaya gedəcək legioner səviyyəsində olmasam da, Azərbaycanda rahat oynayardım. Bəzən oyun ərzində deyirsən ki, mən bu futbolçudan daha yaxşı oynayıram. Belə düşünmək asandı. Amma meydana çıxıb 20 dəqiqə qaçdıqdan sonra hiss eliyirsən ki, futbolçu olmaq da asan deyil. Baxmayaraq ki, hakimlər də meydanda az məsafə qət etmir. Hazırda futbolçu kimi çıxış etsəm, mənim üçün çətin olar.
 
- Meydanda çəkindiyin futbolçular var?
- Xeyr. Niyə görə yox? Çünki başladığımız gündən elə yol seçmişik ki, bu, bizə daima kömək olsun. Futbolçular arasında heç bir fərq qoymamışıq ki, bu kapitandı və ya gənc oyunçu. Təbii ki, qaydalar çərçivəsində. Belə düşünməyimiz də bizə kömək olur.
 
- Azərbaycan futbolunun yetişdirdiyi ən önəmli futbolçulardan biri də, öz karizması, duruşu seçilən  millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovdu. Qırmızı vərəqəlik epizodda, onun gözünün içinə baxa-baxa Rəşadı meydandan qova bilərsən, yoxsa futbolumuza xidmətlərinə görə güzəşt edərsən?
- Mən ona güzəşt etsəm, heç kim mənə güzəşt etməyəcək (gülür). Rəşad millimiz üçün çox iş görüb. Yığmanın heyətində 100 artıq oyun keçirib. Amma qayda hamı üçün eynidi. Fərqi yoxdu, bu, millinin kapitanıdı, yaxud da hər hansı gənc oyunçu. Futbolçular arasında fərq qoymayanda komandaların digər üzləri də sənin inamını qazanır.
 
- Xaqani Məmmədovun 55 yaşı tamam oldu. Onun səhvləri çoxdu, yoxsa sənin düzlərin?
- Mənim də səhvlərim var. Səhvləri Xaqani müəllimdən soruşsaz, daha yaxşı olar (gülür). Nə bilim.
 
- Xaqani müəllimin ən böyük düzü hansıdı?
- Yəqin ki, düzgünlüyü.
 
- Əliyar Ağayevi onun düzü adlandırmaq olar?
- Tək mən yox, bütün hakimlərimizin bu səviyyəyə çatmasında Xaqani Məmmədovun böyük rolu var. Bizi "Sabahın Ulduzlar"ından çıxaran odur. Demək olar ki, hazırkı baş hakimlərin hamısını. Bu, onun hakimlikdə ən düzgün qərarlarından biridi. Düzdü, çox riskli qərardı. Çünki o vaxt çətin idi, oyunları cavan yaşlarımızdan idarə etmişik. 
 
- Bu səviyyəyə çatmağında, ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə təyinat almağında Xaqani bəyin rolu danılmazdı, yoxsa atanın?
- Hakim kimi formalaşmağımda Xaqani müəllimin rolu daha çoxdu, nəinki atamın. Avropada azdan-çoxdan normal oyun idarə ediriksə, bunu ona borcluyuq. Atamın isə mənim bir insan, Əliyar kimi formalaşmağımda əməyi danılmazdı.
 
- Xaqani Məmmədovla öpüşüb-görüşüsüz, yoxsa əl verib salamlaşırsız?
- Yox, yox öpüşüb-görüşmürük. Hələ əllə də çox nadir hallarda salamlaşırıq (gülür). 
 
- "Roma"nın oyununda təyinat alandan sonra qucaqlaşmadız?
- Bir-iki sevindirici hallar istisnadı. Bu da təbii haldı. Sevincli anlarımızda bizi təbrik edir. 
 
- Ramin Musayevlə münasibətiniz necədi?
- Yaxşıdı.
 
- Otağında tez-tez olursuz?
- Yox, tez-tez deməzdim.
 
- Adətən komandalar hakimlirdən şikayət edəndə, eşitdiyimə görə iclas PFL başqanının otağında qurulur...
- Komandaların rəsmi şəxsləri ilə iclas Ramin müəllimin otağında olur. Belə olan halda bizi heç vaxt çağırıb, nəsə deməz. 
 
- Musayev sizi danlayıb?
- Səhvləri müzakirə edəndə, iclaslarımızda iştirak edib. Daha diqqətli olmağımızı tövsiyyə edib. 
 
- Hakimlərin içində Ramin Musayevə ən yaxın olan "bajıoğlu" kimdi?
- Vallah, nə bilim. O, bizim hamımıza bir gözlə baxır. Hər zaman deyib ki, nəsə probleminiz olsa, qapım sizə açıqdı. O bu sözü bizdən tutmuş, əvəzedicilər çempionatının oyunlarını idarə edən hakimlərə də deyir.
 
- "Roma"nın oyununa gedəndə nə hisslər keçirdin?
- Məsuliyyətim daha da artmışdı. Bu, adi oyun kimi görünə bilərdi. Mənim üçün əlavə təzyiq ondan ibarət idi ki, bu, Avropanın mərkəzində olan bir oyundu. Bundan başqa Avroliqada adlı-sanlı bir neçə klub varsa, onlardan biri də "Roma"dı. Bilirdim ki, oyuna baxış sayı çox olacaq. Qarşılaşmanın İtaliyada olmasına görə, əlavə yerli hakim-inspektorun da oyuna baxması mümkün idi.
 
- Tottiyə göstərdiyin sarı vərəqəni neyləmisən?
- Sarı vərəqələrim olan qutunun içindədi.
 
- Sənin üçün heç bir xüsusi önəm daşımır?
- Xeyr (gülür). Düzdü, ulduz futbolçulardan biridi. Amma önəmli bir şey deyil. Messi də, Ronaldo da olsaydı, fərq etməzdi. 
 
- Gələndə səni hava limanında kim qarşıladı?
- Həmişə yola salan atam.
 
- Bəs, federasiyaya gedəndə?
- Məni kim gördüsə, yaxşı idarəçiliyimə görə təbrik etdi. 
 
- Tottiyə sarı vərəqə göstərdiyinə görə zarafat etdilərmi?
- Bəli. Onsuz da bütün KİV bu barədə yazdı. Məni də bir sual maraqlandırır ki, görəsən, Tottiyə sarı vərəqə verməsəydim, oyun barədə kimsə nəsə yazacaqdı? (gülür). Təbii ki, yazacaqdılar. Amma ən çox rezonans doğuran məqam Tottiyə göstərdiyim sarı vərəqə oldu. Rusiya mətbuatı da bu məsələni qabartmışdı. Düzdü, bu, məni narahat etmir. Xəbərin məhz belə məsələ üzərində qurulması da normaldı.
 
- Azarkeşlik etdiyin komanda var?
- Hər çempionatda bir komandanın oyununu bəyənirəm. Amma sırf azarkeşlik etdiyim komanda yoxdu. Futbolçu olmaq istərkən də belə bir istəyim olmayıb. Sadəcə, fikrim hansısa bir komandada oynamaqdan ibarət idi. 
 
- "Neftçi" topu ilə böyüyüb, bu komandaya rəğbət bəsləməmək...
- Bilirsiz, mən futbolla elə bir yaşda vidalaşmışam ki... O yaşda mənə "Neftçi" tam aydın deyildi. Başım sırf oynamağa qarışmışdı. Düzü, gələcəkdə o səviyyəyədə oynayacağımı da görmürdüm. O dövrdü klubların adları mənə yad idi.
 
- Niyə Əliyara "Qəbələ"nin hakimi" deyirlər?
- Yəqin ki, bundan sonra deməzlər (gülür). Həmin oyundan sonra inanmıram ki, mənə "Qəbələ"nin hakimi" desinlər.
 
- Bəzən də "Qarabağ"ın...
- Bir ara "Qarabağ" deyirdilər. Sonra "Neftçi"nin, daha sonra "Qəbələ"nin hakimi adlandırlar. 10 turun 4-də bir komandanın oyununa düşürsənsə və həmin klub yaxşı nəticə göstərirsə, avtomatik belə fikirlər səslənir. Söhbət təkcə məndən getmir.
 
- "Neftçi"nin oyununu Sadıq Sadıqovun dövründə idarə etmək daha rahat idi, yoxsa indi? Nəzərə alaq ki, əvvəllər rəhbərlikdə qoluzorlular var idisə, indi komandanı aktyorlar, yazıçılar, pianoçular idarə edir. 
-  O dövr çətin idi. "Neftçi" həmin vaxt daha güclü idi. İlk dəfə bizi Avroliqanın qrupunda təmsil edib. İndiki klubla o vaxtkı komanda arasında böyük fərq var. Rəqiblər də "Neftçi"yə qarşı yaxşı hazırlaşırdılar. Əksinə "Neftçi"nin oyununa o vaxt daha çox gedirdim, nəinki indi. Heç nədən çəkinməyib, verilən təyinatı yerinə yetirmişik. Bizim gözümüzü heç nə qorxutmurdu.
 
- Ramin Musayev ölkə kubokunun püşkatmasında maraqlı açıqlaması ilə yadda qaldı. Söylədi ki, "hakimlərə oyundan sonra sizə qarşı kim çaşsa,vurun aşırdın" demişəm.
- Bunu hər zaman deyir. Amma demir ki, hakim formasında kiminləsə dalaşın. Deyib ki, oyundan sonra kimsə təhqirə yol verəndə, problem yoxdu (gülür). Deyim ki, bunun üçün hər hansı bir döyüş növü ilə məşğul olub, hazırlıq keçməmişəm. Kimsə oyundan sonra fiziki təzyiq göstərsə, cavabını verə bilərik. 
 
- "Konyaspor" - "Braqa" matçına azərbaycanlı hakimin olması türklərin işini asanlaşdırır?
- Belə deməzdim. Bizim üçün fərqi yoxdu. Bizim oyuna qiymət verən adamlar var. Onların istəyinə uyğun qaydalar çərçivəsində oyunu idarə edirik.
 
- Bəs, niyə bizim təmsilçilərimizin oyunlarına türkiyəli referilər düşəndə sevinirik?
- Hesab edirlər ki, hakim qardaş ölkədən olduğuna görə, bizə güzəşt edəcək. Amma biz oyunlarda da görmüşük ki, hakim qarşılaşmanı ancaq qaydalar çərçivəsində idarə edir.
 
- Cüneyt Çakırla tanışlığınız var?
- Canlı olaraq bir dəfə görmüşəm. 2013-cü ildə FİFA dərəcəsini alanda rastlaşmışdıq. Hardasa 3 gün bir yerdə olduq. Demək olar ki, hər gün bizə yaxınlaşdı, hal-əhval tutdu. Əlindən gələn köməkliyi edəcəyini bildirdi. O səviyyədə olmasına baxmayaraq, çox səmimi insan idi.
 
- Əliyar Ağayevi Azərbaycanın Cüneyt Çakırı hesab etmək olar?
- Xeyr. Onun idarə etdiyi oyunların heç 15-20 faizini idarə etməmişik. Çakır elə Çakırdı, Əliyar da Əliyar (gülür).
 
- Xaqani Məmmədov hər hakimə Avroliqanın qrup mərhələsində ardıcıl ikinci oyuna təyinatın almağın qismət olmadığını bildirib. UEFA-da daydayın kimdi?
- Dayday?(gülür) Mən UEFA-da elə bir dayday tanımıram. Onlar şans verirlər, biz də bundan yararlanırıq. Orda təyinata baxanlardan biri italiyandı, biri şotlandiyalı, digəri də fransız. Heç biri ilə nə tanışlığımız var, nə də qohumluğumuz. 
 
- Xaqani bəy deyir ki, Əliyar Kollinanın maraq dairəsindədi. Bu, doğrudu?
- Doğrudu. O, təkcə Əliyar yox, bir çox cavan hakimlərə maraq göstərir. Onlar daima oyunlara inandıqları  hakim-inspektorları göndərirlər. Onlardan müsbət cavab aldıqda, həmin gənc hakimə daha da şans verirlər. Bundan əvvəl bir sıra cavan hakimlər olub ki, onlar bu şansdan istifadə ediblər və hazırda birinci kateqoriyaya yüksəliblər.
 
- Oyun üçün səfərə gedəndə otelə yerləşdikdən sonra gördüyünüz ilk iş nədən ibarət olur?
- Gördüyümüz iş standartdı. Yerləşəndən sonra istirahət edirik. Bu da məşqin vaxtından asılı olur.
 
- Meydan sahiblərinin rəsmiləri sizə qulluq göstərə bilirlər?
- Yox. Onlarla heç bir kontaktımız olmur. Federasiyadan ayrılan adam 3 gün ərzində bizimlə birgə olur.
 
- Sizcə, Bakıya gələn hakimlər gedəndə özləri ilə kürü apara bilirlər?
- Bilmirəm, yalan deyərəm (gülür). Çoxdandı hakimlərlə işləmirəm. AFFA onlara müəyyən hədiyyələr verir. Yüz faiz bilirəm ki, o hədiyyələrə kürü daxil deyil (gülür). Federasiyanın şərfi, bayrağı, açarlıq, qalstuku hədiyyə edilir.
 
- Yəni, yeməyə heç nə verilmir?
- Hesab edirəm ki, yeməli nəsə vermək düzgün çıxmaz. Yəqin ki, klublar da eyni hədiyyələrdən verir. 
 
- Əliyar, rüşvət qəbul etsəydin, hazırda nələrin olardı? Məsələn bir dəbdəbəli villa, "Porşe"...
- Var-dövlət baxımından çox şey ola bilərdi. Amma ad-san baxımından heç nə. Heç vaxt təklif edilən qiymətlərlə maraqlanmamışam. Ona görə hər hansı dəqiq məlumat deyə bilmərəm.
 
- Kobud səhv edəndə hansı hissləri keçirirsən?
- İlk növbədə insan özü pis olur. Heç kim səhv etmək istəməz. Səhv etmək həm də oyunların sayının azalması deməkdi. Bunun nəticəsində də nəsə itirirsən. Təəssüf ki, səhv olanda bu, bizdə bilərəkdən edilmiş kimi qəbul olunur. Elə səhvlər olur ki, adam evdən bayıra çıxmaq istəmir. İstəmirsən ki, kimsə səni görsün. Cəmiyyət qarşısına çıxmağa ürək eləmirsən.
 
- Səni evdən çıxmamağa məcbur edən ən kobud səhvin hansı olub?
- Bəzən elə səhv olur ki, bunun ardı pis nəticələnir. Misal olaraq, Azərbaycan kubokunun finalında baş tutmuş "Neftçi" - "Xəzər Lənkəran" oyununu qeyd edə bilərəm. Saşa Stamenkoviçə vaxtında sarı vərəqə versəydim, onun hərəkətlərinin ardı bəlkə də gəlməzdi. Bəlkə də onu cəzalandırsaydım, həmin hadisələr olmazdı. Ötən mövsüm də səhvlər oldu. "Neftçi" - "Qəbələ" oyununda etdiyim səhvi özümə bağışlamadım. Bəzən elə olur ki, oyun gedə-gedə səhv qərar vermişəm. Düzdü, hamı qərarı qəbul edib. Amma özüm də hiss etmişəm ki, qərarım yanlışdı. Buna görə oyunun gedişatında üzr də istəmişəm. Bunu da normal qarşılayırlar. Oyundan sonra isə klublardan üzr istəmələr olsa, bu ardıcılıq halı alacaq və artıq klublar bununla kifayətlənməyəcək. Hər dəfə səhv edib, üzr istəməklə iş düzəlmir.
 
- Meydanda başına gələn ən gülməli hadisə hansı olub?
- "Bayıl Arena"da "Rəvan"ın hansısa komanda ilə oyununu idarə edirdim. Sürətlənməyə başlayanda butsım ayağımdan çıxdı. Həmin video indiyədək məndə var (gülür). Səhv eləmirəmsə, mətbuatda həmin video yoxdu. Butsını əlimə götürüb, bəlkə də 1 dəqiqə qaçmışam. Daha sonra vaxt tapıb butsını ayağıma keçirmişəm.
 
- Bir bakılı olaraq paytaxt üçün qeyri-ənənəvi sayılan İslam məzhəbini seçdiyin üçün ətrafdakıların çox tənqidi ilə üzləşdin? Ümumiyyətlə, İslama nə vaxt və necə gəldin?
- Açığı, bu barədə danışmağı çox sevmirəm. Bunu qısa keçsək, daha yaxşı olar. Din barədə saatlarla danışmaq olar. Mən gözümü açanda ailəmizdə, nəsilimizdə ibadət edənləri görmüşəm. Bunun da mənim üçün böyük rolu olub. Dinə gəlmək mənə düzlüyü, səbrli olmağı öyrədib. Yəni, mənfiləri yoxdu, amma müsbət cəhətləri çoxdu. İnsan kimi formalaşmağımda dinin rolu danılmazdı. Həcc ziyarətinə də getmişəm. Namazımı qılır, orucumu tutur, harama əl uzatmıram. Digər məsələlər isə məni maraqlandırmır. Hətta ziyarətdən evə gələrkən evdəkilərə SMS yazmışdım ki, mənə "Həci" deyə müraciət etməsinlər. Sadəcə, İslamın 5 şərtindən birini yerinə yetirmişəm.
 
- Ətrafınızda gördüyünüz ədalətsizliklərə "fit çalırsız"?
- İmkan daxilində müdaxilə edirəm. Amma bəzən də elə olur ki, gördüyün ədalətsizliyə qarşı çıxmaq müəyyən problemlər yaradır. Buna görə susmaq daha yaxşıdı. 
 
- İdealın Kollinadır?
- Xeyr. Mənim üçün ən ideal olan hər oyuna hakim olan hakimdi. Kumirim də yoxdu. Hər hakimdən nəsə öyrənirik. 
 
- Futbolçuya göstərdiyin qırmızı vərəqəni əlindən alıb, sənə göstərsə, özünü necə hiss edərsən?
- Özümü təhqir olunmuş hesab edərəm. Təbii ki, bu, həmin oyunçunun mədəniyyətsizliyinin göstəricisidi. Belə vəziyyətin yaranmasına bəzən də hakimlərin səhv qərarları səbəb olub. Amma çalışmaq lazımdı ki, məsələni bu yerə gətirib çıxarmayasan. Heç də xoş hal deyildi.
 
- "Qarşılaşma tez başa çatsaydı, çıxıb gedərdim" dediyin oyun olub?
- Olur. Bunlar da çirkin oyunlardı. Həm kobudluq, həm vərəqələrin çox olduğu oyunları nəzərdə tuturam. Hər an imkan var ki, oyunun ipi əldən çıxsın. Amma bəzən də elə olur ki, oyundan həzz alırsan. Düşünürsən ki, əlavə yarım saat da olsaydı, idarə edərdik.
 
- Hakimsiz nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş oyunları idarə etmisən?
- Meydanda olaraq bunu görmək və qiymətləndirmək çox çətindi. Bəzən tribunadan qərar vermək asandı, amma bu, meydanda çətin olur. 
 
- Oyundan sonra səni "razborka"ya çağıran futbolçu olub?
- Xeyr.
 
- Niyə?
- Niyəsini bilmirəm. Etiazlar olub, amma belə hal yaşanmayıb. Təzə-təzə başlayanda etirazlar daha çox idi.
 
- Əliyar Ağayev kimin davamçısıdı - Eldar Əzimzadənin, Tofiq Bəhramovun və ya Xaqani Məmmədovun?
- Kiminsə davamçısı deməzdim. Sadaladığınız hakimlər Azərbaycan hakimliyinin adlarıdı. Azərbaycan hakimliyi deyildidkə, Eldar Əzimzadə, Tofiq Bəhramov yada düşür. Ancaq zamanlar fərqli olub. Onların irəli getməsi daha çətin olub, nəinki bizim. Biz müstəqillik tarixinin hakimləriyik. Buna görə irəli getmək şansımız daha çoxdu. Onlara çatmağımıza hələ çox var.
 
- 1966-cı ildə Tofiq Bəhramovun məlum qərarına görə İngiltərə kraliçası ona qızıl fit hədiyyə etmişdi. Sən Bəhramovun yerində olsaydın, hədiyyəni qəbul edərdin?
- Təbii ki. Bu rüşvət deyil. Mənə elə gəlir ki, qızıl fit qarşılaşmanı idarə edən hakimlərin hər birinə verilib. Niyə də yox? Kraliçadan nəsə almaq, şərəf olardı. 
 
- Evinizin qapısından  içəri daxil olanda hakimlik yaddan çıxır?
- Yaddan çıxır deməzdim. Biz bununla yaşayır, bununla dolanırıq. Amma ailədə fərqli bir insanam. Çox hakimlər belədi. 
 
- Övladın var?
- 10 aylıq Abdulkərimin atasıyam. Səfərə gedəndə də darıxıram.
 
- Əsəbləşdirsə, sarı vərəqə göstərərsən, yoxsa qırmızı?
- Hələ ki, bizə vərəqəni o göstərir (gülür).
 
- Oyun zamanı ağlın övladında qalmır?
- Yox. Biz nə ediriksə, ailəmiz üçün edirik. Çalışırıq ki, problemlər varsa da belə, bunları oyun zamanı unudaq. 
 
- Abdulkərim böyüyəndə atası ilə fəxr edə bilər?
- Bunu zaman göstərəcək. Hələ ki, güclü fəxr ediləsi bir şey yoxdu.
 
- Küçədə səni tanıyanlar olur?
- Olanda olur. Reaksiyaları normaldı. Aktyor, müğənni səviyyəsində deyilik ki, tanıyıb yaxınlaşıb, şəkil çəkdirsinlər. Bir dəfə şəkil çəkdirmək istəyənlə Zaqatalada rastlaşmışam.
 
- Xaqani Məmmədov qarşına çıxmasaydı, həyatın hansı sahədə davam edərdi?
- Bilmirəm, başqa birisi olsaydı, bizi "Sabahın ulduzları"ndan çıxardacaqdı, yoxsa yox. Ən birinci sual bundan ibarətdi. Bunu Xaqani bəy edibsə, ona nəinki mən, hamımız minnətdarıq.
 
- Xaricə gedəndə Məmmədova hədiyyə alırsan?
- Olur. Amma hər oyundan sonra yox. Tam səmimi deyirəm. 
 
- Məcburiyyətdi, yoxsa istək?
- Heç bir məcburiyyət ola bilməz. Məcburiyyət olsaydı, hər oyundan sonra nəsə verərdik də.
 
- İlk maaşın nə qədər olub?
- Səhv eləmirəmsə, 69 manat idi. İki dəfə o vaxtkı birinci diviziona ehtiyat hakim kimi getmişdim. Tələbə üçün bu, normal pul idi. Sevdiyimiz işdən pul qazananda adam xoşbəxt olur. Bilirdik ki, birdən-birə kimsə gətirib sənə 700 manat verən deyil.
 
- Bəs, neçə il sonra 700 manat aldın?
- 2009-cu ildən baş hakim kimi oyunları idarə edəndə. Sonra da əsgərliyə getdim.
 
- Nə yaxşı əsgərlik məsələni həll etmədilər?
- Onsuz da əvvəl-axır vətənə olan borcumuzu yerinə yetirməliydik. Hesab edirəm ki, vaxtında getmək daha yaxşıdı. 
 
- Çağırsa ellər, gedərsən davaya?
- Təbii. Bu,  vətəndaş kimi bizim borcumuzdu. İnanmıram ki, hər hansı hakim yoldaşımız bu çağrıya mənfi cavab versin. Döyüş kənardan kiməsə asan görünə bilər. Amma orda da intizam tələb olunur. Bir güllənin səsini eşidəndə hər şey sənin üçün dəyişir.
 
- Hansı futbolçunun komandari olmaq istərdin?
- Onsuz da 90 dəqiqə futbolçuların komandiriyik (gülür). Komandir olmaq istəmirəm. Çünki özümü buna hazır istəmirəm. 
 
- "Yuxarı"dan tapşırıq almısan?
- Bizə olan tapşırıq hər zaman birdi. Deyirlər ki, bütün komandalar bizim üçün eynidi. 
 
- Səni Əliağa Ağayevlə səhv salmayıblar?
- Aktyoru deyirsiz də. Yox (gülür).
 
- Hansı sualı bəyəndin?
- (Fikirləşir, fikirləşir...) O qədər sual oldu ki... Dinlə bağlı verilən suala ətraflı cavab verməsəm də, onu seçmək olar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right