Bayram oyunu və ...yenə məğlubiyyət

Azərbaycanın idman jurnalistləri ilə Moldovadan olan həmkarların futbol meydanında üz-üzə gəlməsi artıq ənənəyə çevrilib. Xatırladım ki, iki il əvvəl Kişinyovda keçirilən tunirdə bizimkilər finalda məhz meydan sahiblərinə 0:2 hesabıyla uduzmuş, ötən ilin mayında yenə bu şəhərdə qisas almaq cəhdimiz də uğursuzluqla müşayiət olunmuşdu - 2:3.

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi, İdman Araşdırmalar Mərkəzinin də dəstək verdiyi budəfəki səfərə özəllik qatan daha iki məqam var. Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyini qeyd edirsə, Moldova İdman Jurnalistləri Assosiasiyası da bugünlərdə 20 illiyin təntənəsini yaşayır. Elə yaşıl meydandaca baş tutan qısa rəsmi hissədə, təbii ki, bütün bu məqamlar vurğulandı, onlar bizə, biz onlara hədiyyə verdik və əsl bayram hədiyyəsi (oxu: qələbə) uğrunda mübarizə başladı.

Bu maraqlı oyunu izləməyə dəyərdi. Qısaca onu deyim ki, meydan sahibləri ardıcıl iki dəfə fərqlənsə də, fasiləyə az qalmış Elnur Əşrəfoğlu və Nurani İsgəndərov qolların əvəzini çıxdı. Oyunu məhz elə bu axarda davam etdirmək, oyun intizamından qopmamaq lazım idi. Amma ikinci hissə başlayan kimi moldavanlar yenə önə keçdi. Dərhal da Anar Məmmədov hesabı bərabərləşdirdi. Ardından onlar 4-cü qolu vurdu. Bu dəfə Gündüz Abbaszadə cavab verdi. 4:4 və artıq səhv edənin uduzacağı gün kimi aydındı. Təəssüf ki, yenə bizimkilər səhvə qol verdi. 5:4-dən sonra komandamız hücuma daha böyük qüvvə ilə çıxmağa başladı. Və bu məqamda bəxtlə yanaşı, ata-oğul hakimlər də rəqibin tərəfinə keçdi. Əllə oyuna görə aşkar penaltimiz verilmədi, Nuraninin zərbəsi dirəkdən döndü. Moldavanlar 6-cı qolu vuranda yenə qisasın baş tutmayacağı aydın oldu.   

Ötən il yazmışdım, bu il də əmin oldum. Moldova futbol və futbolətrafı məsələlər baxımından ölkəmizdən çox geridədi. Ölkədə idman qəzeti yoxdu, ümumiyyətlə, idman jurnalistikası Eduard Çebanu və onun kimi bir neçə entuziastın hesabına ayaqdadı, klublarının və yığmasının durumu (İqor Dobrovolski ikinci gəlişində komandaya heç nə verə bilmir) hər kəsə bəllidi, bizimkilərin nəticələrinə həsədlə baxırlar.  

Oyundan sonra moldavanlar əvvəlcə ayaqüstü çaxır qonaqlığı təşkil etdi. Burda baş rolda ölkəmizə Emeka Opara, Denis Kalinkov kimi oyunçuların gəlişinə vasitəçilik etmiş yunan mənşəli agent Pyotr Yefros və LEX GARANT mini-futbol klubunun prezidenti Danil Friptulyak idi. Bir az sonra artıq Moldova İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eduard Çebanunun təşkil etdiyi ziyafətdəydik. Sağlıqlar deyildi, Elnur Əşrəfoğlu ən azı beş dəfə verilməyən penaltini moldavanların üzünə vurdu (ədalət naminə deyim ki, Eduard da həmin epizodda topun ələ dəydiyini etiraf etdi) və sonda “heyf, bu il də qisas ala bilmədik” fikri ilə otelə döndük. Ayrı-ayrı oyunçular və epizodlar ilə bağlı emosional müzakirə gecəyə qədər davam etdi. Lap futbol klublarında olduğu kimi...

...Hədiyyəni çatdıra bilməsək də, bayramın mübarək, Azərbaycan! Müstəqlilliyin dünya durduqca dursun!

MAHİR, Kişinyov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right