Emil Balayev: “Vüqar kimi futbolçu əvəzedici heyətdə oynayırsa...”

"Qarabağ”ın yeni transferi Emil Balayevin müsahibəsi.
 
- Özünü "Qarabağ”da necə hiss edirsən?
- Bildiyiniz kimi, artıq bir neçə vaxtdı "Qarabağ”da məşq edirəm. "Qarabağ” Avropa səviyyəli komandadı. Belə oyunçularla məşq etmək, hər bir futbolçu üçün müsbət sayılacaq cəhətdi. Mən də son 1-2 aya nisbətən özümdə dirçəliş hiss edirəm. 
 
- "Qarabağ”da neçə nömrəli forma altında çıxış edəcəksən?
- 64 nömrəli formanı seçdim
 
- Niyə məhz "64”?
- Nömrələrlə bağlı müəyyən qədər çətinlik oldu. Mən oktyabr ayında müqavilə imzaladım və buna qədər çox nömrələr dolu idi. Mənə dedilər ki, 63 nömrəli formada çıxış et, ammma mən 64-ü seçdim. Çünki atam 1964-cü ildə doğulub. 
 
- Neçə nömrəli formanı istəyirdin ki?
- Mən həmişə 1 nömrəli forma altında çıxış etmişəm. Ancaq olmadı. Bu dəqiqə nömrə böyük əhəmiyyət kəsb etmir. Əsas oyunda və məşqlərdə məşqçilərin etimadını dorultmalıyam. 

 
- Ümumiyyətlə, nömrəni dəyişməklə bağlı müraciət etdinmi?

- Yox. Elə bir müraciət etməmişəm. 
 
- Bəs,"Qarabağ”da 1 nömrə olacağına ümid edirsən?
- Bizim işimiz məşqlərdə maksimum çalışmaqdı. Seçimi və qərarı isə məşqçilər verəcək. 
 
- Emil, "Qarabağ”a transferin birmənalı qarşılanmadı.Çünki komandada səninlə birlikdə 5 qolkiper var. Necə düşünürsən, rəqabət aparmaq sənin üçün çətin olmayacaq ki?
- Düzdü, "Qarabağ”ın güclü qapıçıları var. Onlarla rəqabət aparmaq böyük işdi. Bizim işimiz belədi. 
 
- Ancaq sənin ehtiyat oyunçular skamiyasında oturub, gözləyəcək vaxtın deyil...
- Bu barədə baş məşqçimiz Qurban Qurbanovla danışığımız olub.O deyib ki, sənin oyun təcrübəni düzəltməyə çalışacağıq. İstər əvəzedici, istərsə də əsas heyətdə oyanayacağam. 
 
- Əvəzedici heyətdə oyuna çıxmaq sənə psixoloi cəhətdən mənfi təsir etməyəcək?
- Yox. Heç vaxt bu barədə düşünməmişəm. Əgər Vüqar Nadirov kimi təcrübəli futbolçu əvəzedici heyətdə oynayırsa, oyunlara gedirsə, mən niyə oynamayım? Mən gənc oyunçuyam və bu barədə heç bir narahatlıq hissi keçirmirəm. 
 
- Braunşveyqi təmsil edən"Ayntraxt” klubuna keçidin niyə baş tutmadı?
- Orda yoxlanışdan yaxşı keçdim. Ancaq bəzi məsələlərdə klubla anlaşa bilmədik.   
 
- Niyə, pul vermək istəmirdilər?
- Pul söhbəti deyil. Başqa söhbətlərdi və mən bunlara aydınlıq gətirmək istəməzdim. 
 
- Çox qəliz məsələdi ki?
- Mən sözlərimi dedim. O barədə artıq danışmaq istəmirəm.
 
- Gələcəkdə yenidən legioner həyatı yaşamaq fikrin varmı?
- Əlbəttə. Avropaya üz tutmaq, böyük ölkələrin çempionatlarında oynamaq şərəf olar. Bildiyiniz kimi, sağlamlıqla bağlı ciddi problemlərim olub. Ayağa qalxım, sonra baxarıq.
 
- Almaniya karyerası sənə nə qazandırdı?
- Ən azından dünya görüşü, həyata hardansa baxış və futbol barədə böyük bir təcrübə. Orda məşqlərə ciddi yanaşmaq lazım olduğunu öyrəndim. Məsələn, Azərbaycanda ancaq məşq saatı məşq edirdimsə, orda məşqdən sonra da məşq etməyi öyrəndim.  Orda gördüm ki, insanlar futbola peşəkar kimi yanaşırlar. 
 
- Bundesliqa klubunda azərbaycanlı futbolçulara yuxarıdan aşağı baxmırlar?
- "Ayntraxt”da belə bir halla rastlaşmamışdım. Orda hər bir şeydən razı qalmışam.  
 
- "Ayntraxt”da rəsmi matçda debüt edə bilmədin. Bəs, özünü Bundesliqada debüt etməyə hazır hesab edirdinmi?
- Mən "Ayntraxt”a keçəndə baş məşqçi Tomas Şaaf idi və onun mənimlə bağlı planları var idi. Ancaq elə oldu ki, Şaaf istefa verdi. Onun istefasından sonra mənim üçün vəziyyət bir az çətinləşdi. İstəyərdim ki, oynayam, özümü ordakılara göstərə biləm. Bizim işimiz şans qazanmaqdı və mən də o şansı gözləyirdim. Ancaq alınmadı. 
 
- Yenidən Azərbaycan qayıtmaq və bir müddət klubsuz qalmaq sənə necə təsir etdi?
- Bu, hər bir futbolçuya mənfi təsir edir. Ancaq sağ olsun Qurban müəllim. Futbolsuz qaldığım vaxtlar mənə "Qarabağ”da məşq etmək imkanı yaratdı. 
 
- "Qarabağ”ın səni icarəyə göndərmək fikri yoxdu?
- Hələ belə bir söhbət olmayıb. Ən azından may ayına qədər "Qarabağ”dayam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right