Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmə prosesinin vaxtı bəlli olub.
Newsport.az-ın məlumatına görə, prosesin oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində keçirilməsi nəzərdə tutulub. Hələlik məhkəmənin hansı saatda keçiriləcəyi dəqiqləşməyib.
Buna baxmayaraq, yenidən prosesin təxirə salınması istisna deyil.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 2-də və 9-da keçirilməli olan məhkəmə prosesi vəkili Adəm Məmmədovun istəyinə əsasən təxirə salınmışdı.
Xatırladaq ki, Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.
Futbol11.az