Avantüranın temperaturu ümid vəd edirmi? Ostravadan kiçik təəssürat

Yığma komanda ilə çarter reysdə Ostravaya 4 saatlıq uçuş gözləyirdi.Dünən AZAL-ın təyyarəsi burnunu göyə qaldırandan 20 dəqiqə sonra təkərlərin birinin qapanmadığına görə geri dönməli olacağımız elan edildi.

Bütün heyət panikada...

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu jurnalistlərin kompakt oturduğu yerə gəlib, "Xahiş edirəm, biz Ostravada yerə enməmiş heç kim bu haqda nəsə yazmasın" təklifini elədi. Bakıda bunu bilənlər panikaya düşəcəkdi. Təhlükə çox ciddi idi...

Geri qayıdıb, bir neçə saatdan sonra ya eyni təyyarə ilə, nasazlıq həll olunmazsa, digəriylə yola düşəcəkdik. Ancaq yerə enməkçün azı 2 saat göydə "qanadlanmalıydıq" - yanacaq çəni tam boşalmasa, enmək olmazmış...

Kifayət qədər gərgin anlar yaşandı. Ancaq 15-20 dəqiqə sonra pilotdan xoş xəbər: problem aradan götürülüb, yolumuza davam edəcəyik. Alqışlar!

Dərindən nəfəs alıb, kitab oxumağına, müsahibə almağına, söhbətləşməyinə, yuxuya getməyinə davam edənlər...

Ostravada enişimiz də suitinin dənizdən sahilə atılıb, ləngər vurmağına bənzədi. Ancaq əsas odu, sağ-salamat çatmışıq..:)

Otelə yerləşəndən sonra əhəmiyyətinə görə Çexiyanın üçüncü ən böyük şəhərini gəzməyə çıxdıq. Hələ bu qədər sükunətə Avropanın heç bir şəhərində rast gəlməmişdik. Bazar günü "Köhnə qitə"nin dərin sükunətə qərq olduğu gündür, ancaq belə də yox.

Səhəri gözləməyi qərarlaşdırıb, bir az çex pivəsindən yudumlayıb, geri dönürük.

Bu gün...

Səhər gecədən tez-tez yağıb-kəsilən gur yağışdan təkrarlandı. Daha sonra gün çıxdı. Və biz gəzməyə çıxdıq.

Ostrava tipik mərkəzi Avroppa şəhəridi. İnsanlar pozitiv, hərəsi öz işinə məşğul və s. Qotik memarlıq üslubunun təsiri aşkardır.

İctimai nəqliyyatın şahı tramvaydı. Bilet istifadə edib-etmədiyinizi ciddi yoxlamırlar. Oslodakı kimi... bu "fürsətdən istifadə" də etdik. Ancaq bu, macəra cəhdindən başqa bir şey deyildi.

Axşam 17:30-da otelin qarşısındakı mikroavtobus ezamiyyətə gələn 9 azərbaycanlı jurnalisti "Mestski"yə aparmağa gəlmişdi. Çatanda ilk maraqlandığımız məsələ sabahkı qarşılaşmaya marağın olub-olmaması idi. Kassadan neqativ təəssürat bağışladılar. Günün sonunadək 12500 tutumluq arenaya cəmi 4000 bilet satılmışdı.

Həm rəqib baş məşqçinin, həm Prosineçkinin oyunöncəsi mətbuat konfransında dedikləri kifayət qədər iddialı oldu. Nələrin danışıldığını səhifəmizi izləyənlər bilir. Rəqib çalışdırıcı əvvəlcə iddia tonunu lap yuxarı eləsə də, yerli jurnalistlərdən birinin "Azərbaycana məğlubiyyət bilirsinizmi nə demək olacaq?!" sualından sonra bir az yavaşladı - "Rəqibə hörmətlə yanaşırıq".

Prosineçki opponentindən fərqli olaraq start 11-liyini açıqladı. Bir az əvvəlki paylaşımlarımıza nəzər yetirsəz, sabahkı start heyətiylə tanış ola bilərsiz.

Bu heyət mister Robertin son oyunlar ənənəyə çevirdiyi 4-1-4-1 taktiki düzülüşündən istifadə etməyəcəyini göstərir.

Nominal hücumçu Şeydayev, sağ və sol cinahlardan hücuma diaqonal reydlər edəcək Namiq Ələsgərovla Ruslan Qurbanovdan, yoxsa yenə MAKSİMal şans epizodlarına bel bağlayacağıq - bilmirik, ancaq görünən odur ki, havası, temperaturu tez-tez dəyişən Ostravada misterin bir az avantürist, azca da insanı ruhlandıran ilk "11-liyi" dramatik əhvala kökləyir. Ümid varmı? Həmişə var...

Elçin Cəlilov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right