Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən gün keçirilən Azərbaycan - Norveç matçını izləyənlər arasında dünya şöhrətli kinoaktyor Stiven Siqal da var idi.
Newsport.az saytının məlumatına görə, 64 yaşlı aktyor qarşılaşmdan bir gün öncə millimizin son məşqində də olmuş, futbolçularla görüşmüşdü.
Fürsətdən istifadə edən yığmamızın üzvü Ruslan Qurbanov isə Siqalla şəkil çəkdirib, şəxsi "instagram" hesabında paylaşıb. Ancaq şəkilin şərh bölməsində "mirhuseyn_19" adlı istifadəçinin Qurbanovdan fotodakı şəxsin kimliyini ədəbsiz şəkildə soruşması, heç də xoş qarşılanmayıb. Həmin profilin "İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidova aid olduğu bildirilir.
Ancaq, saytımıza açıqlama verən 24 yaşlı oyunçu sözügedən profilin şəxsinə aid olmadığını söyləyib: "Düzü, məsələnin dəqiqləşdirilmədən qabardılması məni məyus etdi. Amma əmin ola bilərsiz ki, həmin profil mənə məxsus deyil. Miənim özüm də adıma uyğun açılan xeyli profilə rast gəlmişəm. Hətta öz ad və soyadıma uyğun olan profillərdən məni sosial şəbəkədə izləyənlər arasında var. Özüm isə "miri____s" profili ilə "instagram"dan qeydiyyatdan keçmişəm. Yəni, Qurbovun şəkilinə etik olmayan ifadəni yazan mən deyiləm. Stiven Siqala gəlincə, onu niyə də tanımamalıyam? Yadıma gəlir ki, "Opasnıy çelovek", "Maçete" kinolarına baxmışam".
Mirhüseyn Seyidovun "instagram"dakı şəxsi hesabı.