Futbol üzrə milli komandamız 2018-ci ildə Rusiyada keçiriləcıək dünya çempionatının seçmə mərhələsində sabah öz meydanında Norveç millisini qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, oyundan bir gün öncə komandamızın baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı baş tutub:
"Milli komanda artıq 5 gündü bir yerdədi. Mən hazırlıqlardan razıyam. Komandamızda yaxşı ab-hava var. Bilirik ki, bizi çətin oyun gözləyir. Norveçin futbolçuları Avropanın güclü çempionatında çıxış edirlər. Ancaq bunlar mənim üçün maraqsızdı. Mən öz futbolçularıma güvənirəm. İnanıram ki, futbolçularım sabah meydanda əsl mübarizə aparacaqlar”.
- Bəzi futbolçular oyun praktikasından əziyyət çərkirlər. Ancaq bu gün optimal formada olan Vaqif Cavadov milliyə dəvət almayıb. Bunun səbəbi nədir?
- Ramil Şeydayev və Emin Mahmudov millizə xeyr verə bilərlər. Vaqifin oynadığı mövqedə yaxşı futbolçular var, hətta Vaqif Cavadovdan da yaxşıdı. Yəqin mənimlə razılaşarsınız ki, "Sumqayıt”la "Boavişta” və "Trabzonspor” arasında böyük fərq var. Yenə deyirəm, Şeydayev və Mahmudovun millimizə çox xeyri dəyəcək.
- Sabahkı oyun üçün start heyəti müəyyənləşdirmisinizmi?
- Mən bilirəm ki, sabah kimin oynayacağı hər kəsi maraqlandırır. Dediyim kimi, komanda yaxşı hazırlaşıb. Şükürlər olsun ki, zədəli futbolçularımız da oynamağa hazırdırlar. Üzümü futbol azarkeşlərinə tutub demək istəyirəm ki, sabah bizə dəstək olsunlar. Mən inanıram ki, sabahkı gündən sonra millinin oyunlarına maraq daha da artacaq və millinin oyunlarına bilet tapmaq çətin olacaq. Qarşılaşmada isə bu oyunçulara yer verəcəm: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.
- Bədavi Hüseynova şans verməməyinizə səbəb nədir?
- Bildiyiniz kimi, Bədavi iki aya yaxındı oynamır. Mənim fikrimcə, Bədavi oynamaq üçün hazır deyil. Ümid edirəm ki, sabahkı oyunda zədəlimiz olmayacaq. Maksimə gəlincə, o, sübut edib ki, orxta xəttə də oynamağı bacarır. Fikrimcə, Maksim sabah Bədavinin yoxluğunu hiss etdirməyəcək.