“Qəbələ” “Qarabağ”ı necə “yedi”? Təhlil

Son iki mövsümdə bu 2 klub arasında sağlam rəqabət gedir. Adətən, çempionluq uğrunda mübarizə aparan klublar arasında bir nifrət, bir paxıllıq simptomları sezilir. Ancaq bu fikirlər “Qarabağ” və “Qəbələ”yə yaddır. Heç vaxt bu klublar arasında narazılıq, söz atışması və sair xoşagəlməz hallar yaşanmayıb. Hətta ötən mövsüm Qəbələdəki ilk oyunda hakim səhvləri üzündən qələbəni əldən verəndə də “qırmızı-qaralar”la ağdamlıların arası dəyməmişdi. Bu komandaların oyunu son iki mövsümdə “Avropa derbisi” də adlandırılır. Səbəb isə hər iki komandanın ardıcıl 2-ci il Avroliqanın qrup mərhələsində çıxış etməsidir. Sərgilədikləri futbol da göz oxşadığından indi futbolsevərlər daha çox bu klublara könül bağlayıb. Yuxarıda sadaladığım amillər cari mövsüm böyük maraqla gözlənilən klubların ilk oyununu daha da diqqət mərkəzinə çevirmişdi.

Qriqorçuk Qurbanovla hesabı bərabərləşdirdi

Hər iki klubun Avroliqa oyunundan məğlub ayrıldıqdan sonra bu ağır görüşə necə köklənəcəyi böyük maraq doğururdu. Təbii ki, bunda komandaların baş məşqçilərinin üzərinə yük düşürdü. Hər iki komandanı bu səviyyəyə çatdıran onların yüksək səviyyəli çalışdırıcılarıdır. Bu gün Qurban Qurbanov ölkənin ən güclü futbol mütəxəssisi hesab olunur. Təsadüfi deyil ki, onun yığmanın sükanı arxasına əyləşdirilməsini istəyənlərin sayı saysız-hesabsızdır. Roman Qriqorçuk isə bu günə kimi ölkəmizdə çalışmış ən faydalı əcnəbi futbol mütəxəssisi imicinə sahib çıxıb. Ötən mövsüm bu çalışdırıcıların duelində gərgin rəqabət getdi. Yekunda Qurbanov 2 qələbəyə sevindisə, bir dəfə Qriqorçukun üzü güldü. Tərəflər arasındakı ilk qarşılaşma isə heç-heçə başa çatdı. Bu mövsümün ilk qarşıdurmasında ukraynalı məşqçi həmkarıyla ümumi hesabı bərabərləşdirdi – 2:2.

Limit Qriqorçuka mane olmadı

Ötən mövsüm “Qəbələ”nin çempionluq yarışından erkən çəkilməsində əsas səbəb legioner limiti idi. Avroliqada əcnəbilərdən gen-bol istifadə edən Qriqorçuk limitə görə premyer-liqada yerli futbolçulara üstünlük verməli olurdu. Bu zaman məcburiyyətdən gah Dmitri Bezotosnı, gah Rikardinyo, gah da ön xətdəki hansısa aparıcı futbolçu “ofsayd”a düşürdü. Düzdür, limit bu il də yumşalmayıb. Amma bu dəfə Qriqorçuk yerlilərlə işbirliyini yüksək səviyyədə qura bilib. Avroliqa oyunlarında sonradan meydana çıxan Asif Məmmədov çempionat görüşlərində bir qayda olaraq əsas heyətdə yer alır. Yarımmüdafiəçi sürəti və az-çox texnikası hesabına komandasına fayda verə bilər. “Neftçi”nin darmadağın edilməsində 4 məhsuldar ötürməylə əsas pay sahibi olan Məmmədov “Qarabağ”la oyunun da ən yaxşılarından biri idi. Bir neçə hücumun qurulmasında yaxından iştirak edən Asif 2-ci qolun ötürməsinin müəllifi oldu. Dayaq yarımmüdafiəçisi kimi Elvin Camalov heç də pis təsir bağışlamadı. Limitə görə Rikardinyonu ehtiyatda saxlayan Qriqorçuk Ürfan Abbasova şans vermişdi. Amma bu dəyişiklik də müdafiə xəttinin etibarlılığına xələl gətirmədi. Dmitri Bezotosnı növbəti dəfə qapısının toxunulmazlığını saxladı. “Qəbələ”nin futbolçularından söz düşmüşkən, Nika Kvekveskirinin yoxluğunda Teo Uiks və Filip Ozobiç komandanın yükünü çəkə bildi. Ümumiyyətlə, Ozobiç son oyunlarda “qırmızı-qaralar”ın liderinə çevrilməkdədir. Olduqca texnikalı, ayağına hakim və çevik futbolçudur. Əminliklə onu ölkəmizə gəlmiş ən güclü xorvat futbolçu saya bilərik. Ozobiçin vurduğu qol əsl usta işinin göstəricisiydi. Baqali Dabonun hücumdakı faydalı iş əmsalını da qeyd etməsək, haqsızlıq etmiş olarıq. Ötən mövsümdən fərqli, bu mövsüm “Qəbələ” əsl qoleodora sahib çıxıb. Vurduğu 7 qoldan əlavə daim rəqibə pressinq tətbiq etməsi, müdafiəçilərin bir növ kələyini kəsməsi komandasının işinə hədsiz yarayır.

Bu rotasiyaların yeri idi?

Ötən mövsümdən “Qarabağ”ın heyətində zənginlik diqqəti çəkir. Qurban Qurbanov bu məqamı nəzərə alıb, çempionat oyunlarında rotasiyalara əl atır. Bu, həm bütün futbolçuların tonusda qalmasına, oyun praktikasında əziyyət çəkməməsinə kömək edir, həm də yüklənmələrdən doğan zədə riskini minimuma endirir. Avroliqada tər tökən futbolçuların bir çoxu çempionat oyunlarında dincəlir. Əlbəttə, çalışdırıcının heyətə tez-tez əl gəzdirməsi bu baxımdan faydalıdır. Amma daşların yerini dəyişmək də müəyyən qədər risklidir. Ötən mövsüm bunun acısını çəkməyən “Qarabağ” bu mövsüm ciddi problemlərlə üzləşib. İlk turda “İnter”ə uduzan çempion bir neçə tur sonra Gəncədən qələbəylə ayrıla bilmədi. Nəhayət, son turda “Qəbələ” qarşısında aciz qaldı. Belə yerdə ortaya sual çıxır: çempionluq yolunda əsas rəqiblə oyunda rotasiyalara nə ehtiyac var idi? Deyək ki, Rəşad Sadıqovun ağrıları var idi. Nəticədə Elvin Yunuszadə kimi canlı “bomba” yenə meydana çıxmışdı. Bədavi Hüseynovun isə zədədən sonra tam formaya düşmədiyi hiss olunurdu. Reynaldonun ehtiyatda qalmasını da heç cür anlamaq mümkün deyildi. Sözsüz, Maksim Medvedevin əvəzinə İlqar Qurbanovun meydana buraxılması da riskli addım idi. Çünki tez-tez hücumlara qoşulan Qurbanov əslində vinger kimi daha faydalıdır. İlqar Maksim kimi müdafiədə etibarlı deyil. Ən böyük risk isə İbrahim Şehiçin yerinə Boyan Şaranova şans vermək idi. Elə hər iki qolda müəyyən qədər Şaranovun etibarsız oyunu da rol oynadı. Görünür, “Fiorentina” ilə oyundakı inamsız çıxışı bosniyalı qapıçının ehtiyatda saxlanılmasını vacib etmişdi.

“Qarabağ” belə start gözləmirdi

Əksəriyyət oyunun sakit tempdə başlayıb, tədricən sürətlənəcəyini düşünürdü. Amma “Qəbələ” qonaqlar üçün sürpriz hazırlamışdı. Hücumda olduqca aqressivlik nümayiş etdirən “qırmızı-qaralar” iddialı rəqibə sürətli futbol təklif etdi. Qurbanovun komandası buna hazır deyildi. Yorğunluq və Florensiya faciəsinin verdiyi psixoloji sarsıntının təsiri hələ ötüşməmişdi. Bundan maksimum yararlanan meydan sahibləri artıq ilk 15 dəqiqədə rəqib torunu 2 dəfə silkələməyi bacardı. Düzdür, “Fiorentina” ilə oyundan fərqli, “Qarabağ” sarsılıb, oyunun ipini buraxmadı. Bəlkə də ilk hissədə ağdamlılar qollardan birinin əvəzini çıxsaydı, fasilədən sonra vəziyyət tam dəyişə bilərdi. Amma hücumlar ard-arda boşa verildi. Qurban bəy fasilədən dərhal sonra Mahir Mədətovu və Migel Maderanı döyüşə atdı. Bir qədər sonra isə Reynaldo qazona ayaq basdı. Bu dəyişikliklərdən sonra “Qarabağ”ın hücumları daha kəskin xarakter aldı. Ancaq gah Bezotosnı yaxşı oynadı, gah da ağdamlılar ələ düşən fürsətləri sağa-sola xərclədi. Yekun nəticədə “Qəbələ” liderliyini bir qədər də möhkəmlətdi. İndi “qırmızı-qaralar”ı “Qarabağ”dan 6 xal ayırır. Ancaq unutmayaq ki, hələ cəmi 1 dövrə geridə qalıb.Mübarizənin əsas hissəsi irəlidədir.

Hacı Mərdan

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right