“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Premyer Liqanın 7-ci turunda “Qəbələ” ilə matçdan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az həmin müsahibəni təqdim edir:
- Artıq "Qəbələ" ilə aranızda 6 xallıq fərq yarandı. Bunu aradan qaldırmaq çətin olmayacaq?
- Biz əlimizi çempionluqdan üzmürük. Yenə çalışacağıq və çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyundan sonra Qurban Qurbanov sizə nə dedi?
- Qurban müəllim həmişə bizə inanır. Oyundan sonra da bizə hər zaman təsəli verir və motivasiyamızı yüksək tutmaq istəyir.
- "Fiorentina" ilə oyunda aldığın qırmızı vərəqədən sonra sosial şəbəkələrdə tənqid hədəfinə çevrildin.
- Bu, normaldır. Hamının fikrinə hörmətlə yanaşıram. Amma nə edə bilərdim. Bunu komandam üçün etdim. Orda qırmızı verməmək də olardı. Bu "Qarabağ"da ilk qırmızı vərəqəm idi.
- Ümumiyyətlə, vərəqəyə meyilli futbolçusan...
- Müdafiəçiəm, sonuncu ümid folu kimi "qırmızı" almaq... Düzdü Qurban müəllim də tapşırır ki, cərimə meydançası kənarında kobud oynamayın. Elə oyun olub ki, ümumiyyətlə, folsuz keçirmişəm. Məsələn, "Kəpəz"lə matçda cəmi bir folum olub. Camaat məni elə təsəvvür edir ki, bu dəqiqə gedib kimisə vuracam. Adım elə çıxıb. Amma dərindən fikirləşsək mərkəz xəttə və hücumda oyanayan elə futbolçular ki, ilyarım ərzində 3-4 qırmızı alıblar. İlk qırmızı vərəqə alan futbolçu deyiləm hər halda.
- Amma günahkar səni görürlər...
- Nə bilim vallah... Kim necə fikirləşirsə, hörmətlə yanaşıram.
- Oyun zamanı Almeydanın mərkəzdə kobud oyunundan sonra hakimə sərt reaksiya verdin...
- Xeyr, əslində sərt reaksiya deyildi. Rəhimdən soruşdum ki, "orda qayda pozuntusu var idimi". Şükür Allaha onunla münasibətim normaldı. Ümumiyyətlə hakimlərlə bağlı danışmamağa çalışırıq. Kənardan başqa cür görünə blər. Özləri də başa düşür ki, insanıq, çöldə də üz-üzə gəlirik.
- Rəhim Həsənov ardıcıl ikinci dəfədi "Qarabağ"ın oyununa təyinat alır...
- Futboldu, uduzursan da,udursan da. Bundan sonra dərs götürüb gələn oyunlara yaxşı hazırlaşmaq lazımdı.
- Rəşad Sadıqovun bu oyunda olmaması öz sözünü dedi?
- Rəşadın olmaması həmişə özünü göstərir. Ondan öyrənəsi çox şey var. Hər zaman bizə dəstək olur.