Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatdı."Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə oyunda zədəli olduğu üçün komandasına kömək edə bilmirdi.
Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, qarşılaşmadan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın məğlubiyyətini kənardan izləmək necə təsir edir?
- Məğlubiyyəti kənardan izləmək çox çətindi. Ancaq futboldu, qələbələr olduğu kimi məğlubiyyətlər də var. Necə ki, qalib gələndə sevinirik, eləcə də məğlubiyyəti həzm etməliyik.
- Sənin yoxluğun nə qədər hiss olundu?
- Mənim yoxluğum elə böyük rol oynamadı. Uşaqlar müdafiənin mərkəzində yoxluğumu hiss etdirmədilər, ancaq oyuna pis başladıq. Rəqib də vəziyyətlərdən istifadə edib iki qol vurdu. Ondan sonra uşaqlar çox çalışdılar, ancaq top qapıya girmədi. Sanki son zərbə çatışmırdı.
- "Qəbələ" bu gün daha istəkli, daha sanballı görsənirdi...
- "Qəbələ"nin oyun üslubu elədi ki, aqressiv oynayırlar. Ancaq biz tam fərqliyik. Rahat, sərbəst oynayırıq. Topla oynamağı sevirik. Deməzdim ki, rəqib bizdən üstün oynadı, daha istəkli idi. Uşaqlar ikinci hissədə əla futbol oynadılar. Yaradılan epizodlardan heç olmasa biri qol olsaydı, hər şey fərqli ola bilərdi.
- Avroliqadakı darmadağının bu oyuna təsiri oldu?
- Olmadı desəm, yalan olar. 5:1-dən də 5:1-ə fərq var. Az uduzmamışıq böyük hesabla. Ancaq burda məsələ odu ki, 30 dəqiqə nəinki darmadağın, ümumiyyətlə, uduzmaq heç kimin ağlından keçmirdi. Ora qələbə üçün getmişdik. Təəssüf ki, bir anda hər şey döndü. Üzücü nəticə istər-istəməz əhval-ruhiyyəni pozur. 10 nəfərlə qalan uşaqlar da çox yoruldular, psixoloji cəhətdən də təsir elədi. Ümumiyyətlə, son həftə bizim üçün çox ağır keçdi. Gəncə, Florensiya, Qəbələ səfərləri yordu bizi. Komandanın "nəfəs almağa" ehtiyacı var.
- Zədən nə yerdədi? Millidən kənarda qalacaqsan?
- 3 gündü məşq eləmirəm. Həkimlərlə birlikdə çalışırıq ki, millinin oyununa çatdıraq.
- Son zamanlar "Qarabağ"da mənfi bir hal müşahidə olunur. Qol buraxan kimi ümid itir. Bu nədən irəli gəlir?
- Belə deyək də, Gəncədə hesabda geriyə düşdük, ondan sonra nə qədər imkanımız oldu, vura bilmədik. İtaliyada aydın məsələdi ki, geri düşəndən sonra 10 nəfərlə nəsə eləmək çətin məsələdi. Burda da ki, vəziyyətlər oldu, ancaq alınmadı.
- Sosial şəbəkələrdə belə bir fikir yaranıb ki, Rəşad məşqçiliyə başlayandan sonra futbol onun üçün ikinci plana keçib. Razısan bununla?
- Ümumiyyətlə, sosial şəbəklər mənə maraqsızdı. Mənə bu tipli suallar vermək düzgün deyil. Sizin sualınızı cavablandırıram, ancaq bilmirəm ki, sosial şəbəkədə bunu kim deyib, hansı şəraitdə, niyə deyib?
- Bayaq qeyd etdin ki, son zərbə çatışmır. Bu baxımdan problem var. Bəlkə əlavə hücumçuya ehtiyac var komandada?
- Yetərincə hücumçumuz var. İnşallah yaxşı olar. Bəzən alınmır. Əgər sənin bir oyunda 4 topun dirəyə dəyirsə, burda artıq ustalıq rol oynamır. Bir keçiddi, inanıram ki, tezliklə keçəcəyik.