"Azərbaycan millisindən təklif gəlsə, ..." - Reynaldo

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, qarşılaşmadan sonra Ağdam klubunun futbolçusu Reynaldo jurnalistlərin suallarını cavablandırıb:

“Çempionatın ən vacib matçlarından biri idi. İlk hissədə qapımız qarşısında təhlükələr yarandı və qapımızda qol gördük. Qoldan sonra toparlandıq, topu saxlamağa çalışdıq, ilk hissədə iki dəfə qol şanslarımız oldu, ikinci hissədə də müəyyən epizodlar yaxalamağa nail olduq, ancaq istədiyimiz və bizə lazım olan qolları vura bilmədik”.

- Sanki meydanda əvvəlki Reynaldonu görə bilmirik. Zədədən sonra oyununda eniş hiss olunur. Bu barədə nə deyə bilərsən?

- Ümumiyyətlə, zədəli olduğum dönəmləri yada salmaq istəmirəm. Ancaq “Qarabağ”a kömək etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- Meydana sonradan daxil olmağın nə ilə bağlı idi?

- Bu, baş məşqçimizin verdiyi qərar idi.Mən həmişə olduğum kimi məşqlərimi edirəm və bugünkü oyuna da hazır idim.

- Bu gün məğlub oldunuz və liderdən 6 xal geri düşdünüz. Sizcə, “Qəbələ” mövsümün sonunda çempionluğa sevinə bilər?

-“Qəbələ” bu gün layiqli qələbə qazandı. Rəqibə hörmətlə yanaşıram və onlara hörmətsizlik etmək istəmirəm. 6 xal irəli olsalar da, bu çempionluq üçün yetərli deyil. Qarşıda çox oyunlar var və hər zaman lider dəyişikliyi ola bilər.

- Rəşad Sadıqovun yoxluğunda müdafiə xəttiniz olduqca zəif çıxış edir. Siz bu fikirlə razısız?

- Komandadakı bütün futbolçular start heyətində oynamağa can atırlar. Meydanda çıxış edən oyunçuların hansısa birini digərindən fərqləndirmək düzgün olmazdı. Həmişə ilk 11-də çıxan oyunçular bir-birilərini tanıyırlar, dəyişiklik olanda deməzdim ki, axsama olur, ancaq bəzən müəyyən fərq hiss olunur.

- Artıq 5 ilə yaxındı ki, Azərbaycanda çıxış edirsən. Bu müddət tamam olandan sonra dəvət gəlsə, millidə çıxış edə bilərsənmi?

- Mənim üçün Azərbaycanda yaşamaq çox xoşdu. Burda hər kəs mənimlə yaxşı rəftar edir. Ancaq mənim üçün ilkin hədəf odu ki, daha çox məşq edim və əvvəlki formamı bərpa edim. Bundan sonra Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram. Nəyə görə Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim ki?





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right