“Qəbələ”nin prezidenti Tale Heydərovun Newsport.az-a müsahibəsi:
- Çempionluq uğrundakı mübarizədə əsas rəqibinizə qalib gəldiniz. Bu qələbəni 6 xallıq qələbə saymaq olar?
- Bu, bizim üçün çox mühüm oyun idi. Bu gün çempionla mübarizə apardıq. Var gücümüzlə oynadıq. Meydanda əsl savaş gedirdi. Bizim üçün ən vacib olan 3 xalı qazanmağımızdır.
- “Qəbələ”nin çempion olacağını söyləmək olar?
- Məqsədimiz çempionluqdur. Titul uğrunda ən böyük rəqibimiz “Qarabağ”dır. Bu qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır. Ancaq hələ qarşıda oyunların sayı çoxdur. Ona görə hələ nəsə demək tezdir.
- Hər iki komanda bir neçə gün əvvəl Avroliqada oyun keçirib. Bu durum oyununuza təsir göstərdi?
- Hər iki komanda 3 gün əvvəl avrokubok matçı keçirmişdi. Ağır qarşılaşmalar baş tutmuşdu. Bu da bugünkü matça təsirsiz ötüşmədi. Amma məncə bu gün hər iki komanda meydanda böyük əzmlə mübarizə apardı. Bununla belə, ola bilsin ki, futbolçularda yorğunluq var idi.
- “Qəbələ” “Maynts-05”lə oyunda necə təsir bağışladı?
- Çox məyus olduq. 2:1 öndə olsaq da, yekunda 2:3 hesabıyla məğlub olduq. Əlbəttə, bilirdik ki, “Maynts” çox güclü rəqibdir. Qələbəni əldən verdik. Çalışacağıq ki, qalan oyunlarda daha yaxşı çıxış edərək qələbələr qazanaq.
- Bu gün ölkə çempionatlarında nadir izlədiyimiz gözəl oyuna şahid olduq. Buna baxmayaraq, bəzi qəbələlilər 80-ci dəqiqədən etibarən tribunaları tərk etməyə başladı. Bu gün “Qəbələ”nin azarkeş problemi var. Bu problemi aradan qaldırmaq üçün hansı işlər görülür?
- Məncə bu, yalnız “Qəbələ”nin fanatlarına yox, ümumilikdə Azərbaycan futbolsevərlərinə xas xüsusiyyətdir. Mənə elə gəlir ki, bununla bağlı daha çox təbliğat aparılmalıdır. Oyun 90 dəqiqədən ibarətdir. Azarkeşlər nəinki son dəqiqəyə kimi gözləməli, hətta futbolçular paltardəyişmə otağına gedənə qədər stadionda qalmalıdırlar, onları alqışlamalıdırlar, təşəkkürlərini bildirməlidirlər. Komanda məğlub olubsa, futbolçulara ruh yüksəkliyi verməlidirlər. Bu, təbliğat işidir.
- Qəbələ stadionu standartlara cavab vermədiyindən burada avrokubok oyunları keçirə bilmirsiniz. Bu problemi aradan qaldırmağı düşünürsünüz?
- Bəli, belə bir planımız var. Ümid edirik ki, gələn il stadionumuzda bu şəraiti yaradacağıq.
- Çempionluq uğrunda əsas rəqibinizin “Qarabağ” olduğunu söylədiniz. Bu sanki digər premyer-liqa iştirakçılarına yuxarıdan-aşağı baxmağa bənzədi...
- Xeyr. Çempionatımızda çox güclü komandalar var. Özünüz də buna şahidsiniz. Amma əsas rəqib kimi “Qarabağ”ı görməyim təbiidir. Bu komanda neçə dəfə ölkə çempionu olub və hazırda Avroliqanın qrup mərhələsində çıxış edir. Amma biz bütün rəqiblərə ciddi yanaşırıq. Yalnız belədə çempion olmaq mümkündür.
- Sizə elə gəlmir ki, bu gün “Qəbələ” daha çox müdafiə olunurdu?
- Ola bilər, belə görünürdü. Əlbəttə, “Qarabağ” çoxlu hücumlar qurdu. Əsas odur ki, biz qalib gəldik.