"Səbirsizliklə, bu matçı gözləyirik" - Maksim Medvedev MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Kəpəz” doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi.

Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:

"Gəncə stadionunun qazonunun durumu bizim üçün əlverişsiz idi. Dünən bura yağış yağdığından bu meydanda oynamaq çətinləşmişdi. Səfərdə oynayırdıq. İqlim bir qədər fərqliydi. Buna baxmayaraq 2-ci hissədə rəqibdən üstün oynadıq. Top saxlamağa çalışırdıq. Amma bunu etmək çox çətin idi. Top ayaqdan qaçır, sürüşürdü. Hesabda geridə idik. Xalsız qala bilərdik. Yaxşı ki, cavab qolunu vurduq. Şükürlər olsun ki, ən azından 1 xal qazana bildik". 

- Məhz oyun günü Gəncəyə gəlməyinizin çıxışınıza adaptasiya mənasında təsiri ola bilər?
- Əksinə, mənim üçün oyun günü gəlmək sərf edir.
- Bu həm də klubu maddi baxımdan irəli salır. Çünki otel xərci olmur.
- Maliyyə məsələsinə mən qarışmıram. Bakıda yaxşı şəraitdə öz bazamızda qalırıq. Orda hər bir şeyimiz var. Necə Bakıdan Sumqayıta oyuna gəliriksə, eləcə də təyyarəylə Gəncəyə gəlirik. Buna cəmi 1 saat sərf edirik. Bir saatdan sonra evimizdə olacağıq. 
- İlqar Qurbanovla əvəzlənməyinin səbəbi nə idi? Zədələnmişdin?
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Rəqib Nicat Qurbanovu meydana buraxmışdı. Bu üzdən yeni müdafiəçiyə ehtiyac var idi.
- Bəlkə baş məşqçi "Fiorentina" oyunu üçün səni qorumağı qərara aldı?
- O da ola bilər. Baş məşqçi İtaliya klubuyla oyun üçün bütün futbolçuların hazır vəziyyətdə olmasını istəyir. Kimsənin zədələnməməsinə çalışır. 
- "Fiorentina" səfərindən nə gözləmək olar?
- Çox maraqlı olacaq. Səbirsizliklə, bu matçı gözləyirik. "Fiorentina" bizə baxanda çox böyük klubdur. "Qarabağ" 3-4 ildi özünü tanıdır. "Fiorentina" isə İtaliyada tanınmış klublardan sayılır. Bəzi azarkeşlər deyir ki, əşi "Fiorentina"dır da, "Real" deyil ki. Amma "Qarabağ" üçün bu gün "Fiorentina" çox ciddi rəqibdir. Həm reytinqinə, həm də oyunçularına görə bizdən üstündürlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right