Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Kəpəz” doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi.
Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Oyun istədiyiniz kimi alındı?
- Oyunun çətin keçəcəyini bilirdik. Gəncə səfəri ən çətin səfər hesab olunur. Stadionun vəziyyəti və gəncəli azarkeşlərin təzyiqinin bizə çətinlik yaradacağını bilirdik. "Kəpəz" burda tam fərqli oynayır. Oyunun belə alınacağını gözləyirdik. Bizə çox çətinlik yaratdılar. Amma sona qədər oynamağı bacardıq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Bu istəyimizi də 90 dəqiqə nümayiş etdirdik. Ancaq bəxt tərəfimizdə olmadı.
- Heç-heçəni ədalətli nəticə sayırsan?
- Nəticəni ədalətli saymaq olar. Hər iki komandanın qol vurmaq şansları oldu. Yəqin bu günə belə qismət imiş.
- Rəqibin qolundan sonra oyun intizamınız pozulmuşdu. Sanki ayağınız top tutmurdu...
- Yox, bunun nizam-intizamla əlaqəsi yoxdur. Sadəcə, meydanın vəziyyəti ürəkaçan deyildi. Qazon qıraqdan göründüyü kimi deyildi. Buraxılan qola görə oyun intizamımızın pozulduğunu düşünmürəm. Hər komanda qol buraxa bilər. Buraxılan qoldan sonra tələsirsən, dərhal cavab vermək istəyirsən.
- Növbəti rəqib "Qəbələ"dir. Bu oyun haqqında nə deyə bilərsən?
- Hər turda xal itirmək ehtimalı var. Bütün komandalar qarşısındakı rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə üçün çıxır. "Qəbələ" ilə tam fərqli futbol olacaq. Həmin gün layiq olan qələbə qazanacaq.
- Atan və qardaşının komandasına qarşı oynamaq necə hissdir?
- Ötən il mənim üçün daha emosional oyun idi. Artıq atama, qardaşıma qarşı oynamağa öyrəşmişəm. Onlara qarşı 3-4 oyun oynamışam. Artıq mənim üçün bu durum adiləşib.
- Oyundan sonra onlarla qısa da olsa söhbət etdin?
- Yox, hələ onları görməmişəm.