Millimizin sabiq üzvü Mahir Şükürov yenidən futbola qayıdır.
Newsport.az-ın məlumatına görə, o, hazırda əvvəlki formasını bərpa etmək üçün "Neftçi"yə müraciət edib.
Klub rəhbərliyi də Şükürovun xahişinə müsbət yanaşıb. Bunu bakılıların mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov da təsdiqləyib: "Bəli, Mahir Şükürov qarşıdakı günlərdə komanda ilə birlikdə məşqlərə başlayacaq. O, əvvəlki formasını bərpa etmək üçün kluba müraciət edib. Sabiq futbolçumuz olduğundan, Şükürovun müraciətinə müsbət cavab verilib. Ancaq onun "Neftçi"də oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər korpusu verəcək.
Qeyd edək ki, Şükürovun sonuncu komandası 2014-2015 mövsümündə Türkiyənin "Karşıyaka" klubu olub. O, "Neftçi"də 2006-2007, 2012-2014 mövsümlərində forma geyinib.