Fariz Nəcəfov: "Rəqibimiz "Qarabağ"dı..."

"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov klubun U-19 komandasının Moskva "Dinamo”suna qarşı keçirdiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az sizi həmin müsahibə ilə tanış edir:

- "Qəbələ” UEFA Gənclər Liqasında ilk oyununu keçirdi və 0:2 hesabı ilə uduzdu. Matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Burada nəticə çox da önəm kəsb etmir. Maraqlı oyun gözləyirdik və hesab edirəm ki, rəqibdən daha yaxşı oynadıq. Təəssüf ki, nəticə oyuna görə olmadı. Rəqib 3 hücum etdi, 2-si qolla nəticələndi. Biz isə əlimizə düşən şanslardan yararlana bilmədik. Çalışacağıq cavab qarşılaşmasında daha yaxşı çıxış edək.
 
- "Qəbələ”nin təcrübəsizliyin qurbanı olduğunu söyləmək olar?
- Təcürbəsizlikdən irəli gəldiyini düşünmürəm. Burada olan uşaqlar müxtəlif turnirlərdə iştirak ediblər. Bəziləri milli komandanın üzvüdü. Sadəcə olaraq, bəxtimiz gətirmədi.
 
- Gəlin, əsas komanda barədə danışaq. "Qəbələ” Premyer Liqada potensial liderdi və çox güman ki, ilk dövrəni zirvədə bitirəcək. Ötən mövsüm də oxşar vəziyyət idi, lakin sonradan eniş yaşandı. Bu paralleləri aparsaq, ötən ilki hal təkrarlanmayacaq ki?
- Belə deyək də, ötən mövsüm bizim üçün bir təcürbə oldu. İlk dəfə idi ki, Premyer Liqa ilə yanaşı Avropa Liqasında da mübarizə aparırdıq. Həmin səhvlərdən nəticə çıxarmışıq. Həmçinin ötən mövsüm Akademiyamızdan çıxan futbolçular təcrübəsiz idilər, indi vəziyyət fərqlidi. Yəni, dəyişiklik etmək üçün baş məşqçinin kifayət qədər seçimi var.
 
- Avropa Liqasında əsas məqsəd nədi?
- Hədəfimiz qrupdan çıxmaqdı. "Anderlext”ə səfərdə uduzsaq da, yaxşı oynadıq. Ev oyunlarında mütləq qalib gəlməliyik. Həmçinin səfər matçlarında da xal götürməliyik ki, qrupdan çıxaq.
 
- Premyer Liqada çempionluq yolunda yenə "Qarabağ”ı əsas rəqib görürsüz, yoxsa "İnter” də bu siyahıdadı?
- Standart danışsaq, futbolda hər şey mümkündü. Reallıqları nəzərə alsaq isə, bəli, əsas rəqib "Qarabağ”dı, amma "İnter”i də siyahıdan silmirəm. Yenə deyirəm, ötən ilki səhvlərdən nəticə çıxarmışıq. Rəqibimiz "Qarabağ”dı, "İnter”di, AZAL-dı və ya bir başqasıdı – fərqi yoxdu. Hər topa, hər epizoda görə baş qoymaq lazımdı.
 
- Stadion məsələsi nə yerdədi? "Bakcell Arena” Avropa Liqasında "Maynts”la oyuna qədər hazır olacaq?
- Bəli, bu işə baxan şirkət söz verib ki, stadion 80 faiz hazır olacaq.
 
- Roman Qriqorçuk "Qəbələ” – "Dinamo” matçından məyus getdi? Bu oyunda kimisə görə bildimi?
- Söhbətimiz oldu. Bir neçə futbolçu var ki, onları yaxından izləyir. Ad çəkmək istəmirəm, Qriqorçuk onlardan çox razıdı.
 
- Akademiyaya yeni rəhbər təyin etməyi düşünmürsüz?
- Hazırda büdcəmiz buna imkan vermir. Biz istəyirik ki, yeni rəhbər gətirsək, həmin adam tanınmış, yüksək səviyyəli mütəxəssis olsun. Bu məsələyə növbəti mövsümdə baxılacaq.
 
- Belə başa düşdük ki, nəticələr yaxşı olsa, növbəti mövsüm üçün büdcə artırılacaq?
- Bu barədə indidən bir söz deyə bilmərəm.
 
- UEFA-dan gələn vəsait büdcəyə nə dərəcə kömək edir? Həmin pullar büdcənin neçə faizin təşkil edir?
- Bilirsiz ki, Avropa Liqasında qalib gələndə mükafatlar da artır, bunu da nəzərə almaq lazımdı (gülür). Həmin vəsait xeyli kömək edir. Faiz hesabı ilə götürsək, təqribən 40% söyləmək olar.
 
- Roman Qriqorçukun adı Kiyev "Dinamo”su ilə yanaşı çəkilir. Buna münasibətiniz?
- Olmayan məsələ barəsində danışmağa lüzum görmürəm. Bu barədə konkret heç nə yoxdu. İndi kimsə orda nəsa yazıbsa, biz ona münasibət bildirməli deyilik.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right