Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Qəbələ"yə 8-0 hesabı ilə məğlub olub.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin məşqçisi Tofiq Mustafayev jurnalistlərin sullarını cavablandırıb:
"Qəbələ" bizi bütün kompenentlərdə üstələdi. Rəqibin hegemonluğu meydançada görünürdü. Komandamızın fiziki durumu bərbad idi. Futbolçular məsuliyyəti dərk etməlidi".
- Bu məğlubiyyət haqqında Vəli müəllimə hesabat verəcəksiz?
- Bəli. Acı olsa da, bunu deməliyik.
- Tarixi olan “Neftçi”nin bu hala düşməsinə nə ad qoymaq olar?
- Əgər meydanda mübarizə yoxdusa, belə olmalıdı. Mən bu oyunda futbolçularda məsuliyyəti hiss etmədim.
- Sizcə, bu məğlubiyyət Vəli müəllimə pis təsir etməz?
- Məncə, yox. Çünki gözlənilən idi. Biz belə biabırçılıq olmasını gözləmirdik. Əgər mübarizə yoxdusa, belə də olacaq. Bu oyunda futbolçularda məsuliyyət hiss eləmədim. Biz məşqçilərin də günahı var.
- 0:8 hesablı məğlubiyyətdə məşqçilər korpusunun günahı neçə faizdi?
- Komanda qalib gələndə hamı təriflənir, uduzanda isə məşqçilər korpusu tənqid olunur. Deməli, hamımız günahkarıq. Baş məşqçi istefa versə, mən də verəcəm.
- Məşqçilər heyəti olaraq istefa vermək istəmirsiniz?
- Baş məşqçimiz istefa versə, biz də verəcəyik.
- Bütün məşqçilər heyəti istefaya göndərilsə, yeni gələcək məşqçiyə nə məsləhət verərdiz?
- 0:8 hesabı ilə uduzmamaq üçün birinci mübariz komanda yaratmaq lazımdı. Tam məsuliyyətimlə deyirəm ki, fiziki hazırlıq düzgün keçilməyib. Keçən il komandanı götürdük, həm fiziki, həm taktiki hazırladıq. Keçən ilki nəticələrlə bu ilkik nəticələri müqayisə edə bilərsiz. Bütün günahı ispan məşqçimizim üzərinə atmaq istəmirəm. Bilmirəm, o, kimin istəyi ilə komandaya gəlib, amma fakt belədi.
- Klubun transfer siyasətində də səhvlər olduğunu etiraf edirsiz?
- Deməzdim ki, onlar zəifdilər, sadəcə vaxt lazımdı. O vaxt Subaşiçi “Neftçi”yə gətirəndə 6 ay oynamamışdı. Sonra özünə gəldi, yaxşı oyun göstərdi. Kluba gələn əcnəbilər onun tarixini bilməlidilər.
- Sizcə, "Neftçi" bu vəziyyətdən necə çıxmalıdı?
- Komandanın fiziki hazırlığı yaxşı səviyyədə deyil. Bütün günahı fiziki hazırlıq üzrə məşqçimizin üstünə yıxmaq istəmirm. O, futbolçulara düzgün məşq keçmir. Bilmirəm onu Vəli müəllim gətirib, yoxsa yox.
- Bəlkə futbolçular bu rəhbərliyin "torba"sını tikmək istəyirlər...
- Yox. Mən belə düşünmürəm. Rəhbərlik həmişə futbolçulara diqqət göstərir.
- Ruslan Qurbanov açıqlamasında ona “Neftçi”də it kimi davranıldığını deyib...
- Mən belə düşünmürəm. O, komandanın liderlərindən idi. Ruslana qarşı pis münasibət olmayıb.
- Əvəzedici heyət bu gün meydana çıxsaydı, sizcə, daha qeyrətli oynamazdı?
- Razıyam. Onlarda motivasiya daha çox olacaq, gözləri yanacaq. Bəlkə də, taktiki planda uduzacaqdılar, amma sona qədər döyüşəcəkdilər.