Bu gün Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək "Neftçi" "Qəbələ" matçı birincilərin baş məşqçisi Vəli Qasımov üçün ölüm-qalım oyunu olacaq.
Newsport.az-ın məlumatına görə, onun taleyi məhz "qırmızı-qaralar"la qarşılaşmadan asılıdı. Əldə etdiyimiz məlumata görə, bu barədə Vəli bəyə artıq xəbərdarlıq da olunub.
İş burasındadı ki, "Neftçi" rəhbərliyi yavaş-yavaş haqqın yolunu tapır. Əslində, buna tam olaraq haqq yolu da demək olmaz. Sadəcə, uğursuzluqlara görə rəhbərlik özünü sığortalamağı düşünür. Əgər "Qəbələ" "Neftçi"ni "Əlincə Arena"da məğlub etsə, bu zaman oyun başa çatar-çatmaz Qasımov istefaya göndəriləcək. Bununla da "Neftçi"nin Müşahidə Şurası azarkeşlər qarşısında həm xal, həm də vaxt qazanmış olacaq.
Bir sözlə, oyun Vəli bəy üçün heç də asan keçməyəcək. Çünki "Neftçi" azarkeşləri oyundan öncə məlumat yayaraq, 90 dəqiqə ərzində baş məşqçini istefaya səsləyəcəklərini bildiriblər. Ki, bu da onun üçün əlavə psixoloji təzyiqdi. Çox böyük ehtimalla bu gün Vəli Qasımov üçün "Neftçi" kabusu başa çatacaq.
Futbol11.az