İki gündür ki, “Bayıl Arena”da yaşanan himn biabırçılığı haqda məlumat veririk. Söhbət Azərbaycan himninin yarımçıq verilməsindən gedir.
Newsport.az-ın məlumatına görə, I Divizionun ilk turunun “Bayıl Arena”da keçirilən “Rəvan” – “Turan Tovuz” və MOİK – “Energetik” matçlarında dövlət himnimiz sona qədər verilməyib. Daha doğrusu himni kəsib-doğrayaraq qısa şəkldə səsləndiriblər. Bu isə dövlətçiliyimizə, dövlət atributarımıza birbaşa hörmətçilikdir. İlk gündən sonra bu haqda yazı dərc etmişdik və düşünürdük ki, analoji hal bir daha təkrarlanmaz. Lakin təəssüf ki, dünən keçirilən MOİK – “Energetik” matçında da eyni biabırçılıq yaşandı. Vəziyyət belə olunca, biz də bu "işin" altında kimin imzasının olduğunu araşdırmağa başladıq.
Meydan sahibi MOİK-ın nümayəndələri ilə söhbət zamanı məlum oldu ki, onlarlıq heç nə yoxdur. Hətta onlar “Rəvan” – “Turan Tovuz” oyununda yaşananlardan sonra “Bayık Arena” rəhbərliyinə tapşırıblar ki, onların oyununda himn sona qədər verilsin. Demək ki, "hərbçilərin" sözü yerə düşüb.
Ardınca oyunun hakim-inspektoru, eləcə də AFFA nümayəndəsi funksiyasını yerinə yetirən Yavər Rəhimova yaxınlaşdıq. O da məsələnin onlara aidiyyatı olmadığını bildirdi. Bildirdi ki, onlar heç kimə nə himn kəsməyi, nə də yarımçıq dayandırmağı tapşırmayıblar. Bizə məsləhət gördü ki, “Bayıl Arena” rəhbərliyinə yaxınlaşaq. Çünki bu məsələ birbaşa onların səlahiyyətindədir.
Biz də başladıq “Bayıl Arena” rəhbərliyini axtarmağa ki, görək onlar bu tapşırığı hardan alıb. Lakin arenanın direktorunu tapa bilmədik. Dedilər ki, “burda idi, getdi”. Hara getdi, nə vaxt qayıdacaq, ümumiyyətlə, qayıdacaq ya yox, bunu heç kim bilmədi.
Sonradan arenada eşitdiklərikmizdən sonra dərk elədik ki, heç stadion direktorunu gözləməyə də lüzum yoxdur. Çünki himnin yarımçıq verilməsi birbaşa onların ideyası olub. Əldə ediyimiz məlumata görə, “Rəvan” – “Turan Tovuz” matçının AFFA nümayədəsi Şakir Əmrahov ilk gün yaşanan biabırçılıqdan sonra bunun səbəbini stadion əməkdaşından soruşub. Ona verilən cavab isə gülməli olub: "himn çox uzundu, kimdi o qədər ayaq üstə duran”.
Deyilənlər həqiqətdirsə, adam deməyə söz tapmır. “Bayıl Arena” rəhbərliyinin bu addımı rüsvayçılıq, ölkə adına, milli atributlarımız adına çox böyük hörmətsizlikdir. Gərək o vaxtı Üzeyir Hacıbəyov himni yazanda “Bayıl Arena” rəhbərliyinin “vətənpərvərliyini” nəzərə alardı. Bəs kişilər 2 dəqiqə 14 saniyə ayaq üstə necə qalsın?
Məsələyə yarışı keçirən qurum olan PFL-in də münasibətini öyrənməyi də lazım bildik. Bəlkə stadion rəhbərliyinə “yuxarıdan” tapşırıq gəlib ki, himni yarımçıq verin. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətdən sonra heç bir şübhəmiz qalmadı ki, bütün bu biabırçılıqların başında “Bayıl Arena” rəhbərliyi durur: “Qəti şəkildə deyirəm ki, PFL tərəfindən heç kimə bu haqda tapşırıq verilməyib. Necə yəni himn uzundu, yarısını kəsin? Olmasın 3 dəqiqə, olsun lap 5 dəqiqə, 10 dəqiqə. Bu, dövlətin himnidir, hamının borcudur onu sona qədər ayaq üstə dinləsin. PFL olaraq bu cür halın yaşanmasını pisləyirik və bunun yolveriməz olduğunu bildiririk. Onu da deyək ki, heç bir stadion direktorunun da elə bir səlahiyyəti də yoxdur ki, dövlət himnini öz istəyinə uyğun olaraq kəsib-doğrasın. Adətən belə hallarda təşkilatçı funksiyasını yerli komanda yerinə yetirdiyindən gərək onlar da bu məsələyə fikir verəydi. Bir daha deyrəm, baş verənləri pisləyirik və bu məsələni biz də öz tərəfimizdən araşdıracağıq”.
Sonda “Bayıl Arena” rəhbərliyinin nəzərinə bir daha çatdırırq ki, Azərbaycanın himni dövlətimizin rəmzi, atributlarından biridir. Himnə hörmət, sənin öz ölkənə, dövlətinə, bayrağına olan hörmətinin göstəricisidir. Görünür “Bayıl Arena” rəhbərliyində bu hiss yoxdur. Bu məsələdə AFFA da birbaşa məsuliyyət daşıyır. Çünki “Bayıl Arena” bu quruma məxsusdur və buraya direktoru da federasiya təyin edir.
Sonda 2 dəq 14 saniyə ayaq üstə dayanmağa ərinən “Dalğa Arena” rəhbərliyinə bir video təqdim edəcəyik. Bu video Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun keçən il ölkəmizə səfəri zamanı çəkilib. Türkiyəli naziri Azərbaycan prezidenti İlham Əliyev qarşılayır. Soyuq bir qış günüdür göydən də yağış tökür. Lakin Azərbaycan Prezidenti bu cür soyuq hava və yağışa rəğmən Azərbaycan himnini sona qədər ayaq üstə dinləyir. Görəsən, ölkə başçısı dövlət himninə bu cür hörmətlə yanaşırsa, “Bayıl Arena” rəhbərliyi kimdir ki, həmin himni "uzundur" deyərək bu formada təhqir edir?