"Bu, onun borcudu" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”ni 3:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Qurbanov oyunla bağlı bunları deyib:

- Futbolçularımı təbrik edirəm. Onlar bu gün çox istəkli idilər. Qələbəyə layiq idik. Ancaq oyunçular öz üzərlərində daha çox işləməlidilər. Azarkeşlərimizə də təşəkkür edirəm. Yol uzaq olsa da, bura gəlib bizi dəstəklədilər.

Bu oyunda bir neçə oyunçuya istirahət vermişdik. Çünki İsveçdən yorğun dönmüşdülər. Sabahdan etibarən hazırlıqlara davam edəcəklər.

- Əl Hərbini komandada saxladığınıza görə sevinmirsiz ki?
- Bir oyuna görə futbolçuya qiymət vermək olmaz. Çempionatdakı limitə görə bəzən legionerlər kənarda qalırlar. Onun bu gün fərqlənməsinə gəldikdə isə bu, onun borcudu. Ola bilsin, bəzi matçlarda bu futbolçunun oyunundan narazı qalmışam. Ümumi götürdükdə, mən oyunundan razı qalmadığım oyunçunu komandaya dəvət etmərəm.

- “Qarabağ”dan azarkeşlərin gözləntisi çoxdu. Bu, komandaya ziyan verir?
- Gözləntilərin olması normaldı. Siz də, azarkeşlər də bizdən daha yaxşı nəticə gözləyirsiz. Ancaq “Höteborq”a qarşı səfər oyunundan sonra da demişdim. Həmin oyunda komanda yaxşı təsir bağışladı. Ancaq nəticə istədiyimiz kimi olmadı. Məğlub olub, yaxşı oyun sərgiləyiriksə, narahat olmağa dəyməz. Deməli, nəticə də gec tez gələcək.

- Yeni transferin sanki artıq çəkisi var...
- Dinonun forması belədi. Ancaq tam hazır deyil. Çəkiyə gəldikdə isə 1-2 kq artıq çəkisi var. Onun adını “Höteborq”a qarşı ilk “18”-liyə daxil edəcəm. O, çox həvəslidi. Öz üzərində daim çalışır. Ümid edirəm ki, tezliklə, öz formasını bərpa edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right