Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış oyununu (AZAL - "Neftçi") izləyən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev matçdan sonra Newsport.az-a müsahibə verib.
- Mövsümün açılış oyunu haqda nə deyə bilərsiniz?
- Oyun maraqlı keçdi. Yeni mövsümün açılış münasibəti ilə klublarımızı, futbolsevərləri təbrik edirəm. Ötənilki çempionatın sonu pis alınmadı. Artıq iki təmsilçimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Onlara uğurlar arzulayırıq. Bu çempionat daha güclü keçəcək.
- Oyuna iki qırmızı vərəqə göstərildi, qeydə alınmayan qol oldu...
- Sayılmayan qol deyirsiniz, amma qolun olduğu dəqiq deyil.
- Videotəkrardan, eləcə də “Neftçi” azarkeşlərinin qənaətinə görə, həmin epizod zamanı top qapı xəttini keçmişdi.
- “Neftçi”nin azarkeşləri bunu deyə bilərlər, çünki bu gün qalib gəliblər. Fakt-faktlığında qalır. Həmin epizoda PFL-in kameralarından da baxacağıq. Ola bilsin, qol olsun və ya olmasın. İndi hakimlə görüşdüm. Ramil Diniyev əlavə köməkçi hakimdi. O dedi ki, Ramin müəllim, qolun olmadığına əminəm.
- Bu cür başlanğıcdan sonra çempionatın maraqlı keçəcəyini düşünmək olarmı?
- Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar (gülür).
- Oyundan zövq ala bildinizmi?
- Birinci oyun olduğunu nəzərə alsaq, bəli. “Neftçi” gücünü ikinci hissədə göstərdi. Bunu da gözləyirdim. Çünki komanda həm avrokuboklarda oynayıb, həm də bu qədər hazırlıq keçib. Bu cür davam edəcəyənə inanmırdım.